Kino həyatın spesifik idrakı, inikasıdır. Bəyaz çərçivənin əsas qanunauyğunluqlarından biri də həyat həqiqətlərini isbatlamaq, pisi ifşa, yaxşını təbliğ etmək, sənətin fonunda ictimai şüuru formalaşdırmaqdır. Danılmaz həqiqətdir ki, kinoda diqqət çəkmək, tamaşaçı sevgisi qazanmaq, yaradıcılığını cəmiyyətin tələbatına çevirmək hər sənətkara nəsib olmur. Bu baxımdan geniş tamaşaçı sevgisini qazanan sənətkarlarımızdan biri də respublikanın Xalq artisti, “Şöhrət” ordeni laureatı Rafael Dadaşovdur. 2020-ci ildə dünyasını dəyişən görkəmli aktyorun yaradıcılıq yoluna anadan olmasının 75-ci ildönümündə nəzər salaq.

 

Sənətə doğru

 

Ömrünün 40 ildən çoxunu sənətə həsr edən Rafael Dadaşovun yaradıcılıq yolu maraqlı və məzmunludur. Sənətkar ailəsində (atası – Xalq artisti Məlik Dadaşov, anası – Xalq artisti Sofiya Hüseynova) doğulub böyüyən gələcəyin məşhur aktyorunun sənətə gəlişi təsadüfi deyil.  Ailədə və teatr mühitində eşitdiyi sənət müzakirələri, apardığı dərin müşahidələr taleyində, həmçinin aktyorluq fəaliyyətində mühüm rol oynadı.

Hələ uşaq yaşlarından sənətə maraq göstərən Rafael Dadaşov 1971-ci ildə Moskvada sirk rejissorları kursunu, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirir. 1976-cı ildən Akademik Milli Dram Teatrında (görkəmli teatr rejissoru Tofiq Kazımovun dəvəti ilə) əmək fəaliyyətinə başlayır. Teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edərək geniş tamaşaçı auditoriyasının diqqətini çəkir. Teatrda fəaliyyəti ilə yanaşı həmin illərdə Azərbaycan Televiziyasında hazırlanan bir sıra tamaşalarda rol alan aktyorun həm də bəxti onda gətirir ki, burada tanınmış televiziya rejissorları Tariyel Vəliyevin və Ramiz Həsənoğlunun yaradıcılıq təcrübəsindən bəhrələnir.

 

Televiziya tamaşalarının möhtəşəm uğuru

 

Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin və Xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşaları aktyorun yaradıcılıq potensialını daha qabarıq şəkildə təqdim etməsinə imkan yaradır, sənət uğurlarını artırır.

Ramiz Həsənoğlu aktyorun peşəkarlığını belə xarakterizə edir: “Rafael Dadaşov amplua etibarilə heç kimə bənzəməyən aktyor idi. Azərbaycan səhnəsində Rafael kimi aktyor çox azdır. Təəssüf ki, Rafael həyatda yoxdur, o yer boşdur və o yeri heç kəs doldura bilməyəcək. Çünki onun zahiri görünüşü, daxili aləmi, boy-buxunu, yaraşığı, məsuliyyəti unikal idi. Mən onunla bir neçə televiziya tamaşasında çalışmışam, həmişə də işə münasibətindən, məsuliyyətindən razı qalmışam. Azərbaycan teleməkanında bir aktyor kimi o özünü təsdiqlədi, ürəyi istədiyi obrazları yaratdı. Rafaelin tutduğu yer, mövqe, amplua təkrarolunmazdır.”

Aktyorun televiziya tamaşalarında oynadığı müxtəlif səpkili rollar, o cümlədən Rüstəm (“Ötən ilin son gecəsi”), Sinyor Kavaler (“Mehmanxana sahibəsi”), Vasif müəllim (“Səni axtarıram”, “Bağışla”), Həmid (“Yollar görüşəndə”), Rauf  (“Göz həkimi”), Həmid (“Ordan-burdan”), Orxan (“Topal Teymur”) və digər obrazlar peşəkar təqdimata görə bu gün də maraqla izlənilir, sevilir. Personajların daxili aləmini, xarakterik cizgilərini orijinal boyalarla çatdıran aktyor obrazların real portretini yaradıb, yaradıcılıq potensialını  hər fürsətdə təsdiqləyib. Teatrda olduğu kimi, televiziya tamaşalarına da baxımlılıq gətirib, müəlliflərin məqsəd və məramlarını yaradıcılığı vasitəsilə tamaşaçıya çatdırıb.

Sənəti dərindən duyma qabiliyyətinə görə romantik və realist aktyor məktəbinin davamçısı olan sənətkara bu mənada müxtəlif səpkili, xarakterik rollar həvalə edilib.  “Mehmanxana sahibəsi” televiziya tamaşasındakı Sinyor Kavaler obrazını yaxşı xatırlayırıq. Müflisləşmiş Kavalerin müştəbeh, təkəbbürlü, əslində isə Markizlə dialoqunda tamamilə fərqli (bəzən səxavətli, bəzənsə mərd) cəhətlərini, Mirandalina ilə rəftarında daha mülayim, sevgi dolu olduğunu görürük.

“Yollar görüşəndə” televiziya tamaşasında Həmid obrazının təfsirində ciddi xarakterli, azadfikirli, həyatından gileyli, ürəyincə olan qızla (Çiçəklə) rastlaşdıqdan sonra isə mülayim, xoş rəftarlı gəncin fərqli cəhətlərini izləyirik.

“Ötən ilin son gecəsi”ndə özünə qapanan, təkəbbürlü, narahat, sevgilisi ilə barışdıqdan sonra isə həyat eşqini, daxili sevincini büruzə verən Rüstəm rolu da xarakter etibarilə diqqət çəkir. Bu da həqiqətdir ki, aktyor ilk baxışda eynilik təşkil edən rollarını fərqləndirməyə, obrazların xarakterik cəhətlərini təqdim etməyə nail olur, nəticədə kiçikplanlı rolla da tamaşaya kolorit gətirməyi, yadda qalmağı bacarır. 

“Ordan-burdan” televiziya tamaşasındakı Həmid surəti aktyorun yaradıcılığında mühüm yer tutur. Bir tamaşada fərqli xarakter (kişi və qadın) yaratmaq, rola uyğun mizan vermək aktyorun orijinal sənətkar olduğunu bir daha sübut etdi.

“Səni axtarıram”, “Bağışla” televiziya tamaşalarındakı Vasif müəllim obrazının uğuru isə sənətkarın yaradıcılıq imkanlarının olduqca geniş, sənət palitrasının rəngarəng olduğunu bir daha təsdiqlədi.

Bir neçə televiziya serialında da rol alan (“Qaçaq Süleyman”, “Yoxlama”, “Susmuş vicdan”, “Sirr” və s.) aktyor yaradıcılığının spesifik cəhəti, uğur kodeksi səmimiliyində, sadəliyində və personajları yaşarı təqdim etməsindədir. Buna da aktyorun sənətə bağlılığı, səhnə yaraşığı verən xarici görünüşü, sənəti dərindən duyma bacarığı imkan verirdi.

Sənət uğurlarından bəhs edərkən kino rollarının azlığından gileylənən aktyor müsahibələrinin birində demişdi:  “Təəssüf edirəm ki, kinoda mənim fakturamdan, xarici görünüşümdən çox istifadə edilmədi. Kinoda niyə az çəkilmisiniz sualına həmişə cavabım bu olub ki, şəxsi (qərəzli) münasibətlər incəsənətdə və idmanda olmamalıdır.” Bəli, rolları ilə tamaşaçılara vacib fikirlər ünvanlayan, çox zaman da nəcib hisslər aşılayan, ömrünün sonuna qədər sənət eşqi tükənməyən aktyorun potensialından kinomuzda az istifadə olunması təəssüfedici həqiqətdir.    

 

Kinoda sevilmək...

 

Teatrda olduğu kimi, kinoda da yaradıcı qüvvə əsasən aktyordur. Filmlərdə istedadlı aktyorların varlığı ekran əsərlərinin uğurudur. 1960-1970-ci illərdə “Azərbaycanfilm”in  qaynar iş rejimi kinoya gələn gənclər üçün  böyük məktəbə çevrilirdi. Zamanın tələbinə cavab verən filmlərdə rol alan aktyorlar sonrakı yaradıcılıqlarında xalqın sevimlisinə çevrilirdilər. Teatrda, həmçinin televiziya tamaşalarında bənzərsiz rolları ilə sənətini kamilləşdirən Rafael Dadaşov oynadığı filmlərdə də tamaşaçı rəğbətini qazandı. Aktyor müxtəlif janrlı filmlərdə, o cümlədən “İnsan məskən salır”da Neftçi, “Var olun, qızlar”da İsa, “Dantenin yubileyi”ndə Cavad Cabbarov, “Xüsusi vəziyyət”də Zahid, “Yay gününün xəzan yarpaqları”nda İnspektor, “Bəxt üzüyü” kinokomediyasında Rasim, “Mənim ağ şəhərim” sosial dramında baş mühəndis Aydın və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Sözügedən filmlərdən də göründüyü kimi, aktyor əsasən sosial mövzulu və müasirlərinin həyatından bəhs edən ekran əsərlərində rol alıb. Kino obrazlarına həyatilik verən, baxımlılıq gətirən sənətkar rolların ictimai mahiyyətini, həyat mövqeyini, məqsəd,  məramını böyük sənət eşqi ilə, dolğunluqla göstərib. Təkcə “Bəxt üzüyü” kinokomediyasındakı Rasim obrazını xatırlamaq kifayət edir ki, aktyorun səmimi yaradıcılığının təfsirində həyat prinsipi varlanmaq olan, ətrafında baş verən hadisələrə biganə qalan, insanlara sosial durumuna görə dəyər verən, yalnız şəxsi mövqeyini güdən, cəmiyyət üçün yararsız tipi yaxından tanıyaq, mənfi cəhətlərini qınayaq. Kino obrazlarını ustalıqla yaradan aktyor bu mənada kiçikplanlı rolla belə filmin aparıcı qüvvəsi olduğunu, koloritini artırdığını sübut edirdi.  

Təəssüfedici məqamlardan biri də aktyorun səsindən dublyaj sahəsində az istifadə olunmasıdır. “Şeytan göz qabağında” filmində Heydərov rolunu oynayan aktyor Hacımurad Yagizarovun, “Əlavə təsir” filmində polkovnik Şəmsəddin Babayev rolunu ifa edən Elxan Qasımovun və digər ifaçıların rollarını ustalıqla səsləndirən Rafael Dadaşov  dublyaj fəaliyyəti ilə kinomuza daha çox uğur qazandıra bilərdi.

İstedad və biliyini böyük zəhmət hesabına maraqlı iş əmsalına çevirən, rəngarəng yaradıcılığı ilə qəlbləri ovsunlayan, yaddaşlarda iz qoyan unudulmaz aktyor Rafael Dadaşovun sənət eşqi ilə vuran ürəyi 2020-ci il martın 16-da dayandı. Allahdan ona rəhmət diləyir, sənətin fövqündə dayanan çoxşaxəli yaradıcılığını dönə-dönə alqışlayırıq.     

Şəhla ƏMİRLİ
kinoşünas