Parisdə keçirilən Beynəlxalq Turizm Sərgisində ermənilərin təqdim etdiyi stenddə Dağlıq Qarabağ ərazisi “Qarabağ dağları” kimi təqdim olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, sərgidən əvvəl ermənilərin bu hərəkətindən xəbər tutsalar da, bu problemi qismən həll edə biliblər: “Mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də ermənilər beynəlxalq tədbirlərdən yararlanaraq Dağlıq Qarabağı istədikləri kimi təqdim edirlər. Biz bununla mübarizə aparmağa çalışırıq və bu mübarizə daha da güclənəcək. Parisdə keçirilən Beynəlxalq Turizm Sərgisində Azərbaycanla yanaşı Ermənistan da iştirak edirdi. Sərgidən əvvəl biz onların stendində, hər dəfə olduğu kimi, Dağlıq Qarabağı müstəqil bir ölkə kimi təqdim edəcəklərini öyrəndik. Məhz bunun qarşısını almaq üçün Fransanın müvafiq nazirliyinə, Azərbaycanın Fransadakı səfirliyinə, Xarici İşlər Nazirliyinə müraciət etdik və problemi qismən də olsa çözdük. Nəticədə Dağlıq Qarabağ “Qarabağ dağları” kimi təqdim olundu”.