Azərbaycan

 

21 fevral 1906 – Əməkdar incəsənət xadimi, kinorejissor Həbib Ələkbər oğlu İsmayılov (1906 – 31.12.1966) Naxçıvanda doğulub. “Ögey ana”, “Böyük dayaq” filmlərinə quruluş verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə (1921 – 20.12.2014) Xızıda yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində doğulub. “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (1921 – 3.11.2007) Bakının Fatmayı kəndində doğulub. Teatr tamaşalarına bədii tərtibat verib.

21 fevral 1997 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 – 1997) dünyasını dəyişib.

 

22 fevral 1869 – Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869 – 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

22 fevral 1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 – 29.3.1976) anadan olub.

22 fevral 1914 – Xalq rəssamı, heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1914-2001) Şuşa şəhərində anadan olub. N.Nərimanovun, M.Ə.Sabirin abidələri və s. əsərlərin müəllifidir.

22 fevral 1917 – Yazıçı-dramaturq Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub.

22 fevral 1924 – Xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (1924 – 21.1.2000) Şuşada doğulub. “Ulduz”, “Milyonçunun dilənçi oğlu” operettaları, “Solğun çiçəklər” operaları və s. əsərlərin müəllifidir.

22 fevral 1950 – Əməkdar rəssam Asif Əli oğlu Məmmədov (1950 – 4.11. 2002) Gəncədə doğulub.

 

23 fevral 1909 – Tanınmış ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.

23 fevral 1911 – Xalq artisti, rejissor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub. Filmlərdə çəkilib.

23 fevral 1928 – Akademik, coğrafiyaşünas, toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928-2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.

23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938-2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.

23 fevral 2003 – Xalq artisti, görkəmli teatr və kino aktyoru  Həsənağa Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib.

 

Dünya

 

21 fevral 1906 – Rus boyakarı, qrafik, kitab illüstratoru, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.

 

22 fevral 1788 – Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.

 

23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.

Hazırladı:  Vüqar ORXAN