BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi mədəniyyət naziri ilə görüşüb

Azərbaycan UNESCO-nun prinsip və dəyərlərinə daim sadiqdir, bu məsələdə təşkilatdan da adekvat yanaşma, ədalətli mövqe gözləyir. Bu fikir Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında videokonfrans formatında keçirilən görüşdə diqqətə çatdırılıb. Görüş BMT nümayəndəsinin xahişi ilə gerçəkləşib.

Görüşdə Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Qulam İsakzai Azərbaycan ilə BMT arasında sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğulayıb, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə inamını ifadə edib. 

Nazir Anar Kərimov Azərbaycan ilə BMT arasında əməkdaşlığın Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrini əhatə etdiyini diqqətə çatdıraraq, BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu deyib.

Ölkəmizin UNESCO ilə əlaqələrindən bəhs edən nazir eyni zamanda bildirib ki, erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamaları Azərbaycanda məyusluq yaradıb. Halbuki bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılıb. Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş edib.

Nazir qeyd edib ki, son  30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat səsləndirilməyib. Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır.

Anar Kərimov vurğulayıb ki, Azərbaycan tərəfi həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlıdır, lakin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir. UNESCO tərəfindən bu kimi açıqlamaların verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təşkilatın imicini zədələyir. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək.

Q.İsaqzainin BMT-nin rezident-əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycanın təşkilatla münasibətləri kontekstində önəmli olduğunu qeyd edən nazir azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirib, bu məlumatın BMT qurumlarına olduğu kimi çatdırılmasında onun böyük rol oynadığını diqqətə çatdırıb.   

BMT təmsilçisi ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində  baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdırmağa davam edəcəyini bildirib.