Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kitabxana və nəşriyyat işinə həsr olunmuş görüş keçirilib. Yanvarın 8-də videokonfrans formatında gerçəkləşən görüşə ölkənin aparıcı kitabxana və nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri qatılıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

İlk olaraq işğaldan azad edilmiş ərazilərdə kitabxana və nəşriyyatların bərpası işi ilə bağlı dövlət və özəl müəssisələrin əməkdaşlıq imkanları müzakirə olunub. Görüş iştirakçıları prosesdə iştirak etmək niyyətlərini ifadə ediblər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Nizami irsinin daha dərindən araşdırılması və geniş təbliğinə xidmət edəcək tədbirlər planının hazırlandığı və bu işdə sahə üzrə özəl müəssisələrin də yaxından iştirak edəcəklərinə əminlik qeyd olunub.

Sonra xalqımızın ədəbi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olan respublika əhəmiyyətli kitabxanaların məcburi nüsxələrlə təminatı qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı dünyada koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda kitab işi sahəsinin, bu sahədə çalışanların üzləşdiyi çətinliklər təhlil olunub, dəstək yönümlü birgə layihələrin hazırlanması təklif edilib.

2021-ci ilin sentyabr ayında keçirilməsi planlaşdırılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib.

Sonda sahə ilə vacib məsələlərin müzakirə olunduğu bu kimi görüşlərin müntəzəm keçirilməsi qərara alınıb.