Salim əl-Malik: “Bütün yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük”

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

İCESCO heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin bu təşkilat yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələrinin nümayəndələri müşayiət ediblər.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları rayonun İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşılayıb.

İCESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı diqqətə çatdırılıb ki, ermənilər, işğal olunmuş digər bölgələrdəki məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

İCESCO-nun nümayəndə heyəti rayonun Qarğabazar kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna səfər edib. Ağdam şəhərindəki Cümə məscidi, Çörək muzeyi, Ağdam Dövlət Dram Teatrının erməni vandalizminə məruz qalmış binalarına baxış keçirilib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və innovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

İCESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 13-də və 14-də Bakıda bir sıra görüş və tədbirlərlə davam edəcək. Səfər yanvarın 15-də başa çatacaq.