Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabr-noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.

Prezident İlham Əliyev bu sözləri yanvarın 11-də Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündən sonra deyib.

Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb. “Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam”, – deyə o bildirib. Bu görüşün 2020-ci ilin 9 (10) noyabrında əldə edilmiş sülh razılaşmasının şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək baxımından önəmini qeyd edən V.Putin bildirib ki, razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik. Putinin sözlərinə görə, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.

“İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır. Bu məqsədlə üç hökumətin – Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi İşçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək”, – deyə V.Putin vurğulayıb.

Azərbaycan Prezidenti görüşün keçirilməsi təşəbbüsünə görə Rusiya rəhbərinə təşəkkür edərək deyib: “Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi”.

Prezident İlham Əliyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

***

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü də olub.

Azərbaycan Prezidentini salamlayan Vladimir Putin bildirib ki, üçtərəfli görüşdə imzalanan birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyi təşkil edir və bu, çox vacibdir.

“Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur”  deyən V.Putin əlavə edib ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir: “Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək”.

Prezident İlham Əliyev müharibə qurtarandan iki ay sonra imzalanan və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatın əhəmiyyətini  bir daha vurğulayıb: “Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”.

Azərbaycan Prezidenti daha sonra deyib: “Hərbi əməliyyatların dayandırılmasında və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən iştirakınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, Siz Rusiyanın lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzlə baş tutmuş bugünkü görüş bir daha bu məsələyə necə böyük diqqət yetirməyinizə dəlalət edir. Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır”.

İkitərəfli münasibətlərə gəldikdə isə, dövlət başçısı qeyd edib ki, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda qarşılıqlı əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb: “Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var”.

Sonda bir daha Ermənistan ilə Azərbaycan arasındakı vəziyyətə toxunan İlham Əliyev deyib: “Bu vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq”.