Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi şanlı tariximizin unudulmaz səhifəsinə çevrildi. Tarixə “Dəmir yumruq” adı ilə daxil olan hərbi əməliyyatlar Azərbaycan Ordusunun gerçək qüdrətini ortaya qoydu.

Vətənin cəsur oğulları misilsiz qəhrəmanlıq örnəyi göstərdi, ölümə meydan oxudular. Əsir Qarabağın yağıdan azad olunmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Elnur Məmmədovdur.

Elnur Xurşud oğlu Məmmədov 1982-ci il oktyabrın 21-də Gəncədə anadan olub. Üç yaşında olarkən ailəsi Ağdama köçür. Elnur Ağdam rayon 1 nömrəli orta məktəbində təhsil alır. 1993-cü ildə Ağdam rayonu mənfur ermənilər tərəfindən işğal olunur. Məmmədovlar ailəsi bu dəfə Gəncəyə məcburi köçkün kimi qayıdır. Bundan sonra Elnur təhsilini Gəncə şəhəri 16 nömrəli orta məktəbdə davam etdirir. 2000-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olunur. Texnikumu bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidməti başa vurandan sonra bir müddət müxtəlif sahələrdə işləyir. Sonra yenidən hərbidə xidmət etməyə qərar verir.  2014-cü ildən Göygöl rayonunun Toğanalı kəndində yerləşən N saylı hərbi hissədə manqa komandiri idi.

Elnur Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüş əməliyyatlarında uğurlu iştirakına görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdi.

Şəhidin atası Xurşud Məmmədov deyir ki, Elnur torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmır, Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirdi: “Ordumuzun gücündən, döyüşlərə hazırlığından fəxr hissi ilə danışardı. Deyərdi ki, Ali Baş Komandanımızın əmri ilə az bir müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik”.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elnur yenə ön sıralarda olur. Murovdağ yüksəkliyi uğrunda qanlı döyüşlərə qatılır. Hərbi birləşmələrimiz düşmənə, sözün əsl mənasında, qan uddurur, yağını o zirvəyə çıxdığına peşman edir. Qəhrəman döyüşçülərimiz Murovdağ yüksəkliyini fəth edəndə Elnur da şəhidlik zirvəsinə yetişir. Düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanan Elnur xəstəxanaya çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Oktyabrın 26-da həyata gözlərini əbədi yumur.

Həyat yoldaşı Kəmalə Məmmədova Elnurun sakit təbiətli, mehriban, ailəsinə bağlı insan olduğunu bildirir: “Ən böyük arzusu isə övladlarını hərbçi görmək idi. Elnur kimi qeyrətli Vətən oğulları heç vaxt unudulmayacaq”.

Elnur Məmmədov oktyabrın 27-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. 2008-ci ildə ailə həyatı quran qəhrəman şəhidin Vahid və Yusif adında iki oğlu yadigar qalıb. Ümid edirik ki, övladları böyüyəndə atalarının nakam arzusunu gerçəkləşdirəcəklər.

Elnur Məmmədovun Vətən müharibəsindəki igidliyi Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

NURƏDDİN