Amerikanın əyləncə şirkəti olan və bütün dünyaya film və serialların miltimedia təchizatını həyata keçirən “Netflix” 2021-ci ildə hər həftə öz platformasında yeni filmləri yayıma buraxacağını açıqlayıb.

Məlumatda qeyd olunub ki, şirkət fəaliyyətini daha da artıracaq: “Bu ilin siyahısı bütün kino həvəskarlarını nəinki təəccübləndirəcək, həm də sevindirəcək. Belə ki, qarşıda mükafat almış rejissorların çəkdiyi filmlərin nümayişi olacaq, eyni zamanda siyahıda Ceyn Kempionnun “The Power of the Dog”, Paolo Sorrentinonun “Hand of God” və Adam Makkeyin “Don’t Look Up” kino əsərləri yer alacaq. “Netflix” hər həftə məşhur ulduzların iştirakıyla yeni ekran əsərlərilə izləyicilərin qarşısına çıxacaq”.

Qeyd edək ki, “Netflix” artıq 70-ə yaxın filmin adlarını açıqlayıb. Anonsu verilmiş filmlərdə rol alan məşhur aktyorlar sırasında Leonardo di Kaprio, Sandra Bullok, Meril Strip, Cennifer Lourens, Qal Qadot, Ceyk Cillenxol, Rayan Reynolds və başqaları yer alıb.

1997-ci ildə əsası qoyulan şirkətin baş ofisi Los Qatos şəhərində (Kaliforniya ştatı) yerləşir. “Netflix” platformasının dünya üzrə təxminən 200 milyondan çox üzvü var.

CAVİD