Dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilərək, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel tarixinədək uzadılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar tarixinədən yumşaldılması qərara alınıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

muzey və sərgi zallarının fəaliyyəti;  şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qarşıdakı günlərdə, həmçinin məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq.

Bu barədə yanvarın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyası İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. O deyib ki, gələn həftə Təhsil Nazirliyi mətbuat konfransı keçirərək bununla bağlı müvafiq qərarları açıqlayacaq.