Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı ildən-ilə artır.
   Rayonun mədəniyyət və turizm şöbəsindən aldığımız məlumata görə, təkcə bu ilin 9 ayı ərzində Qəbələyə 23 min 358 turist gəlib ki, onlardan 19 min 350-si yerli, 4008 nəfəri isə əcnəbidir. Ötən il bu rəqəm 14 min 630 olub. Qəbələyə gələn qonaqların 20 min 250-si müxtəlif turizm obyektlərində istirahət edib, 2950-si işgüzar səfərdə olub, 158-i isə sanatoriyada müalicə olunub.
   2009-cu ildə Qəbələnin bir sıra yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olub.
   Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Ötən 5 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 4 dəfə artaraq 13-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında hazırda bu rayonda “Yeddi gözəl”, “Xanlar” “Duyma”, “Selbasar”, “Sahil”, “Çənlibel”, “Ay işığı”, ”Semerana” və digər istirahət mərkəzləri turistlərə xidmət göstərir. Turizm obyektləri gün ərzində 2000-ə yaxın qonağa restoran və hotel xidmətləri göstərib, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edib.

  Fəxriyyə