Düsen Kaseinov: “Bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir”

Yanvarın 17-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfər edib.

Nümayəndə heyətinə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov, qurumun layihə direktoru Fərrux Cumayev, Azərbaycan Xarici İşlər Nazirliyinin II Avropa idarəsi rəisinin müavini Zamin Əliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və digər şəxslər daxil idi.

Qonaqlar əvvəlcə Ağdam şəhərinin xarabalıqları ilə tanış olub, Ağdam Cümə məscidini ziyarət ediblər. Ağdam Dövlət Dram Teatrı binasının və bir vaxtlar məşhur olmuş Çörək muzeyinin binalarının qalıqlarına da baxan nümayəndə heyəti Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin türbəsini də ziyarət edib.

Nümayəndə heyəti daha sonra Füzuli rayonunun işğaldan azad olunan ərazilərinə səfər edib. Qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına, Füzuli şəhərində dağıdılmış məscidə, “Araz” qəzeti redaksiyası binasının qalıqlarına baxıblar.

 

“Ermənilər tərəfindən dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

 

Bu ərazilərdə gördüklərindən mütəəssir olduğunu deyən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi bütün bəşəriyyətə qarşı törədilən əməl adlandırıb: “Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır”.

Düsen Kaseinov vurğulayıb ki, indi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir.

TÜRKSOY-un Baş katibi əmin olduğunu bildirib ki, Azərbaycan xalqı tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunacaq və bu mübarək torpaq yenidən canlanacaq. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gələcək.

 

“Bu torpaq öz həqiqi sahibini, Azərbaycan xalqını gözləyirdi”

 

Türk Şurasının Baş katibi Bağdad Amreyev jurnalistlərə müsahibəsində deyib: “Dağıdılmış Ağdamı və Füzulini ziyarət etdik. Bu torpaq öz həqiqi sahibini, Azərbaycan xalqını gözləyirdi. Allaha şükürlər olsun ki, Azərbaycan torpaqları azad olunub. İndi iqtisadi, mədəni dirçəliş dövrü başlanır.

Bu torpaqların bərpası təkcə Azərbaycan üçün yox, bütün türk xalqları üçün böyük bir hadisə olacaq. Onlar bu müharibə və otuzillik işğal dövründə həmişə qardaş Azərbaycan xalqının yanında olublar. Azərbaycan xalqını, onun lideri İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Bu qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qələbəsidir”.

Türk Şurası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr, qərarlar da qəbul edilib.

Bu sözləri Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsində də Türk Şurası Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katib Bağdad Amreyev Gəncəyə də səfər etmiş, orada ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi: “Müharibədən sonra buraya gəlməkdə məqsədimiz odur ki, erməni vəhşiliyini bir daha bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik”.

 

“Doğma yurda gəldiyim üçün qürur hissi keçirirəm”

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Ötən il biz diplomatik nümayəndəliklərin səfəri zamanı bura gəlmişdik. Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələri bu vəziyyətdə görmək ürəyimi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Bu, tariximizə, insanlığa yönəlmiş məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri və digər yerlərimizi bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək”.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən kitab – Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Korkutname” əsəri heyət üzvlərinə təqdim edilib.