Mədəniyyət Nazirliyi Bakı şəhərində Zəfər Muzeyinin yaradılması ilə bağlı ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə, gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək!”.

Müraciətdə diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi yaradılacaq: “Mədəniyyət Nazirliyi hər kəsi Zəfər Muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır. Bu məqsədlə vətəndaşlarımızdan Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi mədəniyyət nümunələrini, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik”. 

Zəfər Muzeyinin fondu üçün eksponat nümunələri aşağıdakı ünvanda qəbul olunur:

Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər prospekti 123 a. Azərbaycan İstiqlal Muzeyi.

Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51; (050) 546-33-32.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Bakı şəhərində Zəfər muzeyinin və Vətən müharibəsi memorial kompleksinin yerləşəcəyi məkanla bağlı bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara da aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, Zəfər Muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

“Hazırda Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib”, – deyə nazirliyin mətbuat üçün açıqlamasında bildirilir.