Azərbaycan Televiziyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkilib.

 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son anda” adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

Məlumat üçün bildirək ki, Nazim Ələkbərov 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki “Zaporojets” markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı avtomaşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən “Son anda” adlanır.

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvarın “şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər.

Arxiv kadrlarının da yer aldığı filmdə Sovet Ordusu hissələrinin hərbi texnikalarla Bakıya daxil olması da obrazlı şəkildə əks olunub.

Sənədli filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədovdur.

 “Son anda” yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.