Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı silsilə materiallar hazırlayıb.

Kitabxanadan bildirilib ki, “20 Yanvar – qan yaddaşımız!” adlı virtual sərgidə elektron  kitablar, fotolar, 20 Yanvarın səbəb və nəticələri haqqında qısa məlumatlar təqdim edilib.

Sərgidə nümayiş etdirilən elektron nəşrlər “Azərbaycan dilində kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “20 Yanvar faciəsi haqqında rus dilində kitablar” və “İngilis dilində kitablar” bölmələri üzrə yığılıb. Hər bir bölmə daxilində kitablar nəşr ilinin ardıcıllığı ilə təqdim olunur.

İstifadəni asan etmək üçün təqdim edilən kitabların biblioqrafik təsvirləri, hər bir kitab haqqında qısa məlumatlarla yanaşı, kitabın tam mətninin olduğu linklər qeyd olunub.

Virtual sərgi ilə bərabər, Gənclər Kitabxanasının əməkdaşları “Qanlı Yanvar” adlı biblioqrafik yaddaş da tərtib edərək istifadəçilərin ixtiyarına veriblər. Topluda 20 Yanvar faciəsindən bəhs edən kitabların və dövri mətbuatda çap edilən məqalələrin siyahısı da yer alıb.

Bundan əlavə, kitabxana əməkdaşları 20 Yanvar faciəsi ilə əlaqədar geniş məlumatların  cəm olunduğu rus dilində virtual kitab sərgisi, bir sıra tanıtım videoçarxları da hazırlayıblar.