Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, Ceyhun Bayramov nümayəndə heyətinin ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər etməsini yüksək qiymətləndirib. Bu ərazilərdə düşmən tərəfindən törədilən barbarlıq əməlləri ilə tanış olmaq, oradakı mövcud vəziyyətin, o cümlədən tarixi mədəniyyət abidələrinin durumunun dəyərləndirilməsi baxımından bu səfərin əhəmiyyəti vurğulanıb. Türk əməkdaşlıq təşkilatlarının Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi birmənalı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının təmin olunduğu, bölgədə yeni reallığın meydana gəldiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın hərbi əməliyyatların dayandırılması barədə 10 noyabr 2020-ci il tarixli birgə bəyanata zidd olan əməllərə yol verməsi, Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı təxribat aktlarının törədilməsi qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.

Türk Şurasının baş katibi Bağdad Amreyev Azərbaycana səfər çərçivəsində işğaldan azad edilmiş torpaqlardakı vəziyyətlə tanış olduqlarını vurğulayaraq, bildirib ki, türk əməkdaşlıq təşkilatları da bu ərazilərin bərpasına cəlb oluna bilər. Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini ifadə edən Bağdad Amreyev ölkəmizin qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu deyib.

Görüşdə Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Tük Şurası çərçivəsində əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr aparılıb.