Tacikistanın “avesta.tj” portalında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı rus dilində geniş məqalə çap edib.

Məqalədə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Qeyd olunur ki, bu il Azərbaycanda və dünya ölkələrində Nizami Gəncəvinin həyat və fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçiriləcək, mütəfəkkir ədibin kitabları çap olunacaq.

Materialda Nizami Gəncəvinin “Xəmsə”si haqqında danışılır, bu əsərlərin dünya ədəbiyyatı xəzinəsinə daxil olduğu vurğulanır. Qeyd edilir ki, bu əsərlər Yaxın Şərq və Orta Asiya xalqları ədəbiyyatının inkişafında da mühüm rol oynayıb, bir sıra şairlər Nizami Gəncəvidən sonra “Xəmsə” yaradıb.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərində Nizami Gəncəvinin mavzoleyi var, Bakı, Sankt-Peterburq və Romada şairin abidələri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizaminin adını daşıyır.

Qeyd edilir ki, Nizami Gəncəvinin əsərləri əsasında böyük bəstəkar Üzeyir Hacıbəyli ölməz romanslar yaradıb, Qara Qarayev “Yeddi gözəl”, Fikrət Əmirov isə “Nizami” baletini yazıblar.