“Tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm”

Bizim tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət edilib, bütün sosial infrastruktur məhv edilib. Düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, mədəni-tarixi irsimizin məhv edilməsinin dünya ictimaiyyətinə çatdırılması, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsi TÜRKSOY-un diqqət mərkəzində olacaq.

Prezident İlham Əliyev bu sözləri yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bildirib.

Qəbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Qeyd edək ki, Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti yanvarın 17-də Ağdam və Füzuli rayonlarına səfər edərək bu torpaqlarda erməni vandalizminin nəticələri ilə tanış olublar.

Prezident diqqətə çatdırıb ki, vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb: “Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də”.

“Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də, işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi.

Bir də, hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

İşğal zamanı Kəlbəcər və Laçın rayonlarında həm Ermənistan vətəndaşlarının, həm də əsasən diaspordan olan ermənilərin süni şəkildə məskunlaşdırıldığını deyən dövlət başçısı bildirib ki, işğalçılar həmin əraziləri tərk edəndə özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər: “Bütün dünyanın gözü qarşısında buna, sadəcə, başqa ad vermək mümkün deyil. Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”.

Bu günlərdə Şuşa şəhərində olduğunu və bərpa işləri ilə bağlı müvafiq tapşırıqlar verdiyini diqqətə çatdıran İlham Əliyev bildirib ki, Şuşa şəhərinin indiki vəziyyətinə heç kim laqeyd qala bilməz, çünki bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir. Nəinki bizim regionda, dünyada onun bənzəri yoxdur. Şəhərdə məscidlər, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb: “Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə, mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlarda görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”.

 

Azad edilmiş ərazilərin bərpası Türk Şurasında müzakirə olunacaq

 

Türk Şurasının, eləcə də TÜRKSOY-un baş katiblərinə müharibə dövründə və müharibədən sonra Azərbaycana verilən dəstəyə, müvafiq bəyanatlara görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Qarabağda bərpa prosesinin artıq başlandığını diqqətə çatdırıb: “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də, fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”.

Prezident Qarabağda tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un da fəal dəstəyinə ümid etdiyini və  buna əmin olduğunu deyib: “Azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət edilib, bütün sosial infrastruktur məhv edilib. Siz yəqin ki, Ağdamda Dram Teatrının qalan divarını görmüsünüz. Görünür, sadəcə, dağıtmaqdan yorulublar. Yəqin, sadəcə, daha gücləri çatmayıb. Buna görə də düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi irsin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsində bizə kömək də TÜRKSOY-un diqqət mərkəzində olacaq. Bu proses artıq başlanıb. Ağdam məscidinə gəldikdə, artıq mütəxəssislər cəlb edilib. Bir neçə gün bundan əvvəl mən Şuşaya səfər edəndən sonra bizim dini abidələrin bərpasına dair işlərin başlanması üçün də göstərişlər vermişəm. Bu məsələdə Heydər Əliyev Fondu fəal rol oynayacaq. Vaqifin məqbərəsinin bərpasına dair təlimatlar da verilib. Mən onun bu il bərpa olunmasını tapşırmışam. Biz bu il Vaqif poeziya günləri keçirilməsini bərpa etməyi, həmçinin “Xarı bülbül” festivalı keçirməyi planlaşdırırıq. Mənim Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməyim təsadüfi deyil. Fikrimcə, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə haqlı olaraq bütün regionun mədəni paytaxtına çevrilə bilər. Əlbəttə, ümid edirəm ki, siz bizə növbəti gəlişinizdə Şuşaya səfər edəcəksiniz. İndi biz artıq oraya yol çəkirik. Lap yaxın vaxtlarda, bu il beynəlxalq aeroport açılacaq. Buna görə də Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək, bütün tarix boyu olduğu kimi, öz dostlarını, qardaşlarını qəbul edəcək”.

 

Azərbaycanın zəfəri bizim də zəfərimizdir

 

Türk Şurasının Baş katibi Bağdad Amreyev qəbula görə təşəkkürünü bildirərək deyib: “Azərbaycan torpaqlarının azad edilməsi, sadəcə, Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının böyük zəfəridir. Bu zəfər daim yanınızda olan türk xalqlarını çox sevindirmiş və qürurlandırmışdır. Türk dünyası adından Sizə bir daha təşəkkür edirəm, Azərbaycan və türk dünyasına yeni zəfərlər diləyirəm”.

Bağdad Amreyev Ağdam və Füzuliyə səfəri zamanı media nümayəndələrinə dediyi sözləri bir daha diqqətə çatdırıb: “Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar və çox tezliklə bu torpaqları, Füzulinin çiçəklənən torpaqlarını, şanlı Ağdam torpağını və azad olunmuş digər əraziləri bərpa edəcəklər. Bu yerlərin əvvəlki şöhrəti, əvvəlki zəngin siması çox tezliklə bərpa olunacaq”.

Baş katib Azərbaycanın bərpa layihələrində qardaş ölkələrin sahibkarlarının iştirakının mümkünlüyünü qeyd edib: “Hazırda bu məsələ fəal müzakirə olunur. Tezliklə Bakıda bizim sahibkarların bu işlərdə iştirakına dair böyük biznes forum keçirəcəyik. Dünən mən digər türk təşkilatlarının rəhbərləri - TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə olmaq şərəfinə nail oldum. Biz mədəni abidələrin bərpasında bizim təşkilatların iştirakının mümkünlüyünü də müzakirə etdik və tezliklə bizim ölkələrlə birlikdə müvafiq iş aparacaq, görüşlər keçirəcək, bu abidələrin bərpasında Azərbaycanla birlikdə necə iştirak edəcəyimizi müzakirə edəcəyik”.

 

Şuşa 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq

 

Hər il türk dünyasının mədəniyyət paytaxtının elan edildiyini (TÜRKSOY-un bununa bağlı layihəsi 2012-ci ildən həyata keçirilir – red.) qeyd edən Bağdad Amreyev deyib: “2022-ci ildə Şuşanın paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”.

Baş katib Türk Şurasının cari gündəliyi barədə də Azərbaycan Prezidentinə məlumat verib. Bildirib ki, 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənədin hazırlanmasını başa çatdırmışıq: “Bu sənəd türk dünyasının gələcəyini, bizim əməkdaşlığımızı, bütün sahələrdə – siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdə inteqrasiyanı əks etdirir. Hazırlanmış həmin “Turkic World Vision-2040” sənədinin surətini bu gün mən Sizə təqdim etməyi özümə şərəf sayıram. Siz Türk Şurasının üzvü olan ölkələrin nazirlikləri və idarələri ilə sıx əlaqəli şəkildə işlənib hazırlanmış bu sənədi bəyənəndən sonra qarşıdakı sammitdə biz bir il ərzində onu reallaşdırmağa başlayacağıq”.

Bağdad Amreyev martın sonunda Türküstanda Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qeyri-rəsmi sammitə, həmçinin bu il İstanbulda keçirilməsi planlaşdırılan Türk Şurasının növbəti sammitinə hazırlıq görüldüyünü də deyib.

Videoqəbulda  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da görülən işlər barədə Prezident İlham Əliyevə məlumat veriblər. Türkdilli dövlətlərin və xalqların mədəni irsinə həsr edilmiş kitablar dövlət başçısına təqdim edilib.