Qarabağın tacı Şuşa şəhəri ölkəmizin mədəniyyətinin, incəsənətinin, memarlığının inkişafında mühüm yer tutur. Məhz buna görə də Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olundu.

30 ilə yaxın bir müddət ərzində Ermənistan tərəfindən işğala, dağıntılara məruz qalan şəhərimiz artıq azad günlərini yaşayır, yurd-yuvasından didərgin düşmüş sakinlərini gözləyir.

Şuşada da işğalın acı nəticələrinə məruz qalan tikililər sırasında azərbaycanlı kimliyini qürurla təcəssüm etdirən çoxlu tarixi abidələrimiz var. Qədim şəhərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət qeydiyyatına götürülən tarix-mədəniyyət abidələrinin siyahısı üzrə 210 abidə qeydə alınıb.

Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.

Məscidin interyer həlli bədii kamillik nümunəsi də hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.

Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib.

Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən digər tarixi abidələrimiz kimi Saatlı məscidində də bərpa işləri həyata keçirilərək, yenidən öz həqiqi sahiblərinin – Azərbaycan xalqının ixtiyarına veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.