Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar faciəsi insan hüquqları müstəvisində” mövzusunda videokonfrans keçirilib.

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə şairə Mədinə Gülgünün 95 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib. MKS-nin direktoru Güldərən İbrahimova şairənin yaradıcılığından söz açıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Quba rayon MKS-nin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Qüdrətli söz ustası – Nizami Gəncəvi” adlı onlayn tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov qeyd edib ki, aidiyyəti kitabxanalarda ilboyu dahi şairə həsr olunan tədbirlər keçiriləcək.

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Mədinə Gülgün yaradıcılığında Təbriz həsrəti” mövzusunda  videokonfrans keçirilib. Tədbirdə bu il anadan olmasının 95 illiyi tamam olan Mədinə Gülgünün (1926-1991) həyat və yaradıcılığı haqqında məlumat verilib, şeirlərindən parçalar səsləndirilib.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və Ziya Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qanlı Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda onlayn tarix dərsi keçirilib. Dərsin sonunda mərkəzin bələdçisi Cəmalə Məmmədovanın “Qanlı 20 Yanvar faciəsi” adlı videotəqdimatı nümayiş etdirilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Uşaq incəsənət məktəbinin rəsm müəllimi Maral Rəhimova Xocalının əsrarəngiz təbiətini təsvir edib.

Şəki 3 nömrəli Uşaq musiqi məktəbinin “Biz sülh göyərçinləriyik” adlı uşaq xor kollektivi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən VI Beynəlxalq “Milad ulduzları” onlayn festival-müsabiqəsində I yerə layiq görülüb. Məktəbin fortepiano ixtisası üzrə şagirdləri Melisa Məcidova və Sona Həsənli I dərəcəli, Nübar Əbdürrəhmanova, Şəhrazad Süleymanzadə və Aişə Fətəliyeva isə II dərəcəli laureat adını qazanıblar.

Zaqatala, Şabran, Neftçala və Salyan rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın istiqlal yolunun ilk zirvəsi – 20 Yanvar” adlı onlayn tədbir keçirilib.

Oğuz rayonunun Sincan kənd kitabxanasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Tural Məmmədovun atası ilə görüş keçirilib. Şəhidin atası Arif Məmmədov bildirib ki, Turalın Suqovuşan-Talış istiqamətindəki strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nəticəsində düşmənin 3 tankı, içərisində tabor komandirinin də olduğu “Niva” markalı avtomobili, xeyli sayda canlı qüvvəsi məhv edilib. Tural Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin iştirakı ilə 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan videokonfrans keçirilib.

***

20 Yanvar faciəsinin 31-ci ildönümü İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağsu rayon MKS-nin kollektivi tərəfindən müxtəlif tədbirlərlə qeyd edilib. Bütün kitabxanalarda kitab və uşaq və gənclərin əl işlərindən ibarət rəsm sərgiləri açılıb, karantin qaydaları gözlənilməklə dəyirmi masalar təşkil olunub.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Sabirabad şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, məzarların üzərinə gül dəstələri düzüblər. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və bukletlərdən ibarət guşəyə baxış olub.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzi kitabxanasında Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar məlumat günü keçirilib. MKS-nin direktoru Nailə Əliyeva “Nizami Gəncəvi İli” ilə bağlı MKS-nin tərtib etdiyi tədbirlər planı və görüləcək işlər barədə məlumat verib.

***

Vətən müharibəsində Kürdəmirin ilk şəhidi Adəm Əliyevin xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirilib. Mərasimdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və nümayəndələri də iştirak edib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Balçılı kənd Folklor evi şəhid Milli Qəhrəman, general Polad Həşimova həsr edilmiş videoçarx hazırlayıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi məşhur Amerika yazıçısı Cek Londonun (1876-1916) 145 illiyi ilə əlaqədar yazıçının “Hekayələr” kitabının onlayn təqdimatını keçirib. Bildirilib ki, kitabda müəllifin “Boz qurd”, “Həyat eşqi”, “Meksikalı” və “Tonqal” əsərləri yer alıb.

Nurəddin MƏMMƏDLİ