Ölkə telekanalların illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən AzTV, Mədəniyyət TV, İdman TV, İTV-nin proqram səbətində maarifləndirici proqramlar, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu bərədə Milli Televiziya və Radio Şurasının illik hesabatında bildirilir.

Hesabatda bir sıra nöqsanlar da diqqətə çatdırılır. “Televiziya və radio yayımı haqqında” qanunun tələbinə əsasən, dövlət və ictimai teleradio yayımçıları tərəfindən sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların bu tələbə tam şəkildə riayət etdikləri müşahidə edilmir. ARB 24 və Real TV kanalları istisna olmaqla, ümumölkə televiziya yayımçıları tərəfindən karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımların təşkil olunması tələblərinə əməl olunmur.

12 ümumölkə televiziya kanalından 8-nin (AzTV, İTV, ARB 24, Real TV, Lider TV, Mədəniyyət TV, İdman TV, CBC Sport TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil edib. Digər 4 kanalın (ATV, Xəzər TV, ARB və Space TV) efir səbətində isə, maarifləndirici-informativ proqramlarla yanaşı, əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılıb.

Hesabatda COVİD-19 pandemiyası və xüsusi karantin rejimi dövründə Mədəniyyət TV və ARB Günəş kanallarında Təhsil Nazirliyinin dəstəyi ilə teledərslərin yayımlanması xüsusi vurğulanıb.

Hesabatda qeyd olunur ki, Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilib. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunub. Vətən müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması razılaşdırılıb. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və 2020-ci ilin sonuna olan məlumata görə, televiziya kanallarında 733 şəhid barədə reportajlar yayımlanıb.