“Quş qanadlı” kimi təşbeh edilən sovet illərimizin sonuncusundan əvvəlki...

Və onun bizə milli gündüzlər qazandıran qanlı və şanlı 20 Yanvar Gecəsi!...

Müdhiş gülləbaran, total tırtıl səsləri “estrada”sında milli Azadlığa fədalıq sədalarının daha zildən hayqırdığı Gecə...

Otuz bir ildir nə söygü, nə öygü ilə qurtarmayan Gecə...

Mür-müsibətinə ata kimi atılanları babalıqdan, ana kimi addımlayanları nənəlikdən, subay-soluq yürüyənləri bəylik-gəlinlikdən məhrum edən Gecə...

Otuz bir yaşlı bu milli müsibət və fəxarət ƏSƏRİndə dünənimizə ağrı-acı, bugünümüzə-sabahımıza çağrı-çalğı sədaları, gah acı, gah fəxri nidalar!...

El dilində bir deyim var: “Qurban olum o bəd hadisəyə ki, üstündən bir an, para saat keçə...”.

Müəllifi Millət olan bu HADİSƏ-ƏSƏRə xəyal gəzdirdikcə gözlər qarşısında nələr sərgilənmir?!

Hə, illər keçdikcə bu total həyat Hadisəsi də yavaş-yavaş küçə-meydanlıqdan yığışıb, asta-asta muzeylikləşmədə...

Bu sərgidəki irreal “eksponat”lardan biri də: “Bu dünya bir pəncərədir - hər gələn baxar, gedər”...

 

Amma SİZ –

 

o Gecəyə pəncərədən baxmadınız; şimşək kimi çaxıb, ildırımtək axıb getdiniz!

Siz küçələrdə al-qırmızı qanınızı axıtdınız, biz, ev-eşiyimizdə göz yaşlarımızı...

Bəs... biz – göz yaşı sahibləri sizin – can qanı yiyələrinin qədrini qədərincə bildikmi, arzu-umu hədəflərinizə layiqincə vardıqmı?

Bunları olduğu kimi sözə çevirmək – yeraltı filizləri min cür yerüstü ləvazimatlara çevirmək qədər uzun və çətin bir görəv...

Ancaq, ey müqəddəs milli yubilyar heyətimiz, ruhi-nəzərinizə acizanə ərz edim ki, budəfəki yubiley törəninizə bundan öncəkilər kimi əliboş-diliboş yox, o vaxt özünüzlə apardığınız arzu-umunuzun ən ucası, baş tacı olan Qarabağ amanatının bərqərar təntənəsi ilə gəlirik!

Bu şərəfi bizə SİZin həmkarlarınız və qazilər bəxş ediblər!...

Bu nidalı sevinc-fərəhlər öz yerində, buna qədər yaşadığımız yaralara varmamaq çətin…

 

Bu naməni –

 

tək elə mütaliə ilə kifayətlənmə, gənc həmvətənlim; sözlərin gözlərinə baxmağa, fikirlərin “zikr”lərinə dalmağa da cəhd elə. Nədən ki, bu namə arxasındakı olayları 31 yaşdan o yanakı həmkarlarınız görüblər. Bu rəqəmə təəccüblənməməli. Nədən ki, 31 il qabaq baş vermiş o müsibətin şahidliyində o vaxt hələ “ana bətni” vətənində olanlar da istisna edilməməlidir: o Gecənin dəhşət payından onlar da dadmışlar...

Bu an o GECƏnin dəhşət-vəhşəti müqabilli bir sükut...

Deyirəm, qələm də hərdən, ağır külfət güzəranı üçün “saçının birini ağ, birini qara” hörməyə, əllərinin birini halala, birini harama batırmağa məhkum valideynlər vəziyyətinə düşür. Yəni, indi, ilk-ötəri baxışda ölüm-itim alovu saçan, dərin nəzərdə isə milli istiqlal şölələri yayan o Gecəyə dair sözü hardan, nədən başlayasan?...

Beləliklə, –

 

Salam, –

 

o vaxtlar yalnız müsibət, məşəqqət adlandırdığımız Gecə! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə! Yuxusuz, sükutsuz, sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Qan yaddaşını, qanlı yaddaşını, bütün bəşəri dəyərlərə yadlaşmış yaddaşını oyat, beş-on sözüm var, Sənə...

Yadındamı, “sülhsevər (!) sovet ordumuz”un saldatları Biləcəridən “Şamaxinka”ya qalxarkən “sapoq”larını necə taqqıldadırdılar asfalt üstündə?! Qarşılarına əliyalın çıxan azadlıqsevər gənclərə xəbərdarlıq etmədən atəş açmalarını da xatırlayırsan, yəqin? Qaçıb ağaclar arxasında daldalanmaq istəyən bir yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaldıb, dəlmə-deşik etmələri necə, qarmaqarışıq yaddaşından silinməyib ki?...

“XI Qızıl Ordu”... (“Qızıl”a bax, a! Özləri “krasnaya” deyirdilər, bizsə “qızıl”!) meydanında “təcili yardım” maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli bir cavana yaxınlaşan şəfqət bacısının böyür-başına güllə yağışı yağdıraraq, o zərifi necə yağır-bağır etdiklərini necə, unutmamısan?

Dəmir yol vağzalında gecələməyə məhkum gülsatan oğlanın asfalt üstündə qərənfillərlə “Elnən gələn vay” məsəlini, güllələndiyinə görə tamamlayıb “toy-bayramdır” yaza bilməməsi oxşar olaylar burulğanında it-bata düşməyib ki?! O müsibətli Gecəyə hamilə olan gündüz ərzində satılmayan o qərənfillərlə yazılmış o yarımçıq el məsəli bütöv bir sənədli əsər, dramatik bir dram, total bir tragediya, xalqı ruhdan düşməməyə çağıran epos-epopeya deyildimi, ey təşkilatçı kuluarlarında hələ də lirik-poetik-sentimental frazalarla ifadə olunan “Ночъ”?!

Əvvəlki bir çox “həmkarlarını” da xatırla, ey müdhiş və mübarək Gecə! Səndən düz 70 il əvvəl “parlaq” süngülərlə Bakıya soxulan “qırmızı ordu”nu, cəllad qələmi ilə yazılmış “37”li, “ÇK”lı, “NKVD”li sibirləri yad et. Cavidləri, Müşfiqləri aparan gecələri, gündüzləri, axşamları, səhərləri, vaxt-bivaxtları yada sal!...

O “kolleqa” illərin qırmızı şüarlarından kor, super-sinxron güllə-baranlarından kar Gecə, qulağını bəri elə, o qırmızışüar dövrə beş-üç kəlməlik ayarım, o bütöv Vətənlik faciəmizə bir vətəndaşlıq –

 

Öygüm də var:

 

...Gün aydın, güllə çil-çırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən daha tez qurtulmazdı.

Salam, öncəsi yaralı, nəticəsi istiqlallı Gecə! İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən sovetlər mərkəzi o gecə o əlvan metalları al-qırmızı qurşunlara çevirib, səhərə qədər bu xalqın üstünə çilədi. Amma sonda itirən o – məsafəcə uzaq, “qardaş”lıqca “yaxın” Mərkəz, qazanan – “ucqar” Azərbaycan oldu!

Sən ən böyük bir milli dövran idin, ey tarix üçün “bir an” hesab edilən 20 Yanvar Gecəsi! Pəpə yeyəndən, məmə deyənə qədər hamı əzəmətli “Müstəqillik Simfoniyası”nın ifaçılarına çevrildi Səndə. Sürücülər maşınlarını zirehli qan-qadalar üstünə sürdü. Təbiblər xalqın həbibinə çevrildi. Şəfqət bacıları “Aslanın erkəyi-dişisi olmaz” zərb-məsəlinin mülki-hərbi abidəsini yaratdılar. Hətta oğrular, cibgirlər belə, sənin qırxın (bəlkə də “il”in) çıxanadək əllərini dinc qoyub, “maya”larından yedilər…

Sən ən maarifçi-maarifpərvər bir era oldun, Universitet Gecə! Uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə xalqı əsl dövlət imtahanına çəkdin. Ovaxtadək “əzbərçil-tərifçil” kimi ömür sürmüş bu tələbə-xalq 1991-in 18 oktyabrında əla-ali qiymət alaraq, bütün universitetlərin fövqündə dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, “öz əli, öz başı” dövranına qədəm qoydu!

Sən ən dini, ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanı idin, Tanrısal Gecə! Məlum və “məşhur” allahsızlıq dövranının təbliğatına uyanlar belə, sənin o zülüm-zülmət qaranlığında əllərini göylərə qaldırıb dua etdilər, millətə nicat dilədilər. Süfrələri həftələr-aylarla ət xörəyi görməyənlər xeyir işlərçün saxladıqları toy toğlularını belə kəsib, sənin mübarək şəhidlərinin ruhuna ehsanlar verdilər...

Sən həm də bizim ən siyasi-elitar anımız idin, ictimai anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisi idin. Hər kəs özlüyündə bir millət vəkili idi. Hər kəs öz qafasında, düşüncəsində qərarlar qəbul edib, öz qəlbində icrasına başlayırdı.

Və bu Milli Şərəf xiyabanındakı şəkillərə baxa-baxa bir –

 

Yazılı xitab:

 

...Siz – o qara gözlü, atəş dilli, ox kirpikli, “pənbeyi-daği cünun” əndamlı yar-Gecənin görüşünə hansı buta eşqi, milli elçi görəvilə getmişdiniz ki, meyitlikdə, cənazəlikdə də o cür aşiq və qalib görünürdünüz?!...

Hamınız kürəyinizi ana torpağımıza söykəyib, qollarınızı ata sərhədlərimizə açıb, üzünüzü Tanrı dərgahına tutmuşdunuz...

Qollarının biri budanmışınız o birini, ikisi də kəsilmişiniz isə çiyinlərini mümküncə ucalığa – bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzamışdı. Tank-top altda qalıb xıncımlanmış ayaqların ətrafındakı çalın-çarpaz qan xətləri, göl-gölməçəliklər isə, daha heç vaxt fiziki yol-yorum edə bilməyəsi bu həmkarlarınızın tezliklə bərqərar olunası “Müstəqil Azərbaycan Respublikası” şərəf-vizası ilə bütün dünyanı gəzib-dolaşacaqları haqda ərznamələrinə bənzəyirdi...

“Hamınız kürəyinizi ana torpağımıza söykəmişdiniz” yanğı-qanğım yadıma siz haqda yazdığım ilk (“Qızılgül əsdi...” 1990, 25 yanvar) yazımın “uvertüra”sını saldı: “Sən necə qənirsiz Gözəl, necə sevgili Canan, yaraşıqlı Yar, ümummilli Namus mücəssəməsisən ki, heç kəs Səni digərinə qısqanmır, Vətən?! Əksinə, hər Məcnunun istəyir ki, başqaları Səni özündən də çox sevsin!...”.

- Ay bu məzar daşındakı foto-şəklində bığ yeri yenicə tərləyən oğlan, o axşam – o darmacalda deyiklini son olaraq süzə bilmişdinmi?

- Bu gidi dünyanın siyasi badalağına ilişmiş dəliqanlı, gözlərini gözaltı etdiyin qızdan xəbərsizmi yumdun?

- Təzə-tərcə nişanlanmış cavan, üzüyün tabaqda qaldımı?

- Ay təzəbəy, tər gəlini gərdəkdəmi qoyub gəlmişdin?

 

Və ay cəmi-heyət!...

 

(Nə deyəsən, nə danışasan?!)

Qətliamınızın təşkilatçısı İmperiya-Şeytana lənət!...

Haqqınızda yazılanları toplasaq, tək elə o Gecə sizə atılan güllələrdən yox, bu dünyada çox şeylərdən çox olar! Sabiq “yetmiş il”də ata-babalarımızın o güllələri göndərən dövlətə baratladığı “ağ qızıl”dan, “kaçat”ladığı “qara qızıl”dan isə qat-qat, dəfə-dəfə az...

Bu məqamda həmin yazıların kəmiyyətini o zamanlarımızın “böyük qardaş”ı, kəmfürsət qonşu ölkə (və onun içimizə əkdiyi “muxtar vilayət” statuslu kilkə) şərəfinə yazılmış mahnıların (“Ey əziz rus qardaşım, ey mehriban rus bacım”, “Qardaş olub Hayastan – Azərbaycan!”, “Nune, Nune, Nu-ne-eee...” və s.) “keyfiyyəti”lə müqayisə etmək xəyalatına da düşdüm...

O yazılardan bir neçəsi də bəndənizə məxsus ki (“Sınıq, “əlil” - lakin müstəqil qərənfil!”, “Bu məzarlar - həyat yazarlar”, “Yazıya pozu...” və s.), hər kərə onları xatırladıqca, belə bir qənaətə gəlirəm ki, bunların hamısı birlikdə sizin o bircə Gecədə öz qan-“mürəkkəb”inizlə küçələrə cızdığınız Epopeyanın bir əyri-üyrü xəttinə də dəyməz!...

Hə, siz milli İstiqlal süfrəmizdə löyün-löyün fəda şərbətləri içdiniz, biz – uzun illər sizi öygü “yarış”larına, ildönüm-anım “festival”larına qurşandıq. Siz Azadlıq uğrunda candan keçibən “beş arşın kəfən” aparıb, bizə üçrəngli bayraq bəxş etdiniz, biz – şərəfinizə həsr etdiyimiz yazılardakı “ağ-qara” münasibət və məram-mətləb nüanslarını “yüz ölçüb-bir biçmə”də qaldıq...

“Ruhun gözü Nuhunkundan görərdir” – deyiblər. Yəqin ki, Sizin şəhid-şəhadət Gecənizin ertəsi günü bu millətin özünə necə əl qatdığını gördünüz. Tarixdə misli görünməmiş bu qətliama tayı-bərabəri yaşanmamış bir qarşılam! Dünya çaş-baş qalmışdı bu törənə! Bunu “elnən gələn vay” adlandıranlar da vardı, “Azad sabah nam-nişanlı milli toy” notları ilə xallandıranlar da. Oğul-uşağı olmayan sonsuzlar da munis bir fürsət tapıb, “Can-can, ay oğul!”, “Oğul vay!” deyə ağlayırdılar (şərhi acı da olsa); heç vaxt onlara qismət olmayası bu “növ” göz yaşları leysanlayırdılar, ey – milli Azadlığımızın vahid Qarın-Qarındaş balaları!...

Doğum tarixçələriniz müxtəlif olsa da, qurbanlıq Tarixiniz eyni: “20 Yanvar 1990”! Ad-soyadlarınız çeşid-çeşid, şərəf-şanlarınız, milli titullarınız eyni: “Şəhid”! Beşik-nənni ünvanlarınız, ev-eşikləriniz ayrı, məzar-məkanlarınız eyni: “Şəhidlər XİYABANI”!...

...Belə. Əvvəli qaranlıq, sonu işıqlı Gecəmiz! Sözüm burda bitdi. Adətən, məktuba cavab gözlənər, amma narahat olma, ey bu millətin Qurtuluş Gecəsi! Bu cavab – Milli İstiqlal mayalı, “Biz müstəqil ölkə vətəndaşıyıq!” qürurlu, “Qarabağ qələbəli Azərbaycan!” nidasından ibarət...

 

Hə, daha bir SÖZ:

 

Davamçılarınızın Azadlığa qovuşdurduğunuz Şimal Vətənimizin ərazi kəm-kəsiri bütövlüyünü bərqərar etdiklərini bilirsiz. Ancaq ruh gözünüz həm də bu mətləbə görə aydın olsun ki, sizin heyətdən fərqli olaraq, budəfəki həmkarlarınız içərisində yüksək hərbi çinli (və anadilli!) zabitlərimiz də var!

Yox, elə sizlər də bu xalqın qəlbində uca çinlilərsiniz: xəlqi paqonlu, milli epoletli Azadlıq leytenantları, İstiqlal albayları, Müstəqillik generallarısız, ey hər zaman sağ, hər kəsdən uca, son çağımızın qos-qoca 20 Yanvar şəhidləri!...

Tahir ABBASLI