2021-ci il Azərbaycanda Nizami sözünün işığında keçəcək. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz bir xəzinə olan ədəbi irsinin təbliği, geniş kütlələrə tanıdılması və təbii ki, bir daha tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmin olacaq.

Nizaminin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri ictimai, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən seçmələri oxucuların diqqətinə çatdırmağa davam edirik.

Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan.

(“Xosrov və Şirin”)

Evdə bir arpası olmayan bir kəs
Yarım arpa qədər minnət götürməz.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Mərdə təmiz bir ad candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.

(“Leyli və Məcnun”)

Heç kimsəylə yola getmirsə bir kəs,
Ona bel bağlayıb bir iş görülməz.

(“Xosrov və Şirin”)

Bir dost ki, dost ilə hey nifaq eylər,
O, demək, düşmənlə ittifaq eylər.

(“Yeddi gözəl”)

Dərinlik, sonsuzluq varsa dəryada,
Arxların suyundan yaranmış o da.

(“Leyli və Məcnun”)

Kin ilə, sülh ilə sınanmış cahan,
Sülhündən xeyir olmuş, kinindən ziyan.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Çalış ki, kirpiyin olsun almaztək,
Ayıq ol, ölkənin keşiyini çək!

(“İsgəndərnamə” – “İqbalnamə”)

Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

(“Yeddi gözəl”)

Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o, itən deyil.

(“Leyli və Məcnun”)

Kamalındır dövlətin, kamalına arxalan,
Amalındır comərdlik, amalına arxalan.

(“Sirlər xəzinəsi”)