Ölkələrarası səyahətlərin bərpası müzakirə olunur

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 113-cü sessiyası 18-19 yanvar tarixində İspaniyanın paytaxtı Madriddə keçirilib. Qeyd edək ki, təşkilatın qərargahı Madrid şəhərində yerləşir.

35 ölkədən 150-yə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edib.

Sessiya çərçivəsində pandemiya ilə əlaqədar yaradılmış Qlobal Turizm Böhranı Komitəsinin görüşünün keçirilməsi, postpandemiya dövründə turizmin bərpası, ölkələrarası təhlükəsiz və maneəsiz səyahət üçün ümumi addımların atılması kimi məsələlər müzakirə edilib.

Sessiya zamanı İspaniya Kralı VI Filipp iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Həmçinin tədbir iştirakçılarının İspaniyanın Baş naziri Pedro Sançeslə də görüşü keçirilib.

Sessiyada Dünya Turizm Təşkilatının hazırkı Baş katibi Zurab Pololikaşvili 2022-2025-ci illər üçün yenidən bu vəzifəyə seçilib.