Layihə Heydər Əliyev Sarayında təqdim edilib

Bu günlər müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə həsr olunan müxtəlif layihələr reallaşdırılır. Heydər Əliyev Sarayında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilən “Yüz əlli” adlı layihə təqdim olunub.

Saraydan verilən məlumata görə, ilk dəfə sərgilənən 4D formatda toxuculuq işinin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimi, Rəssamlar İttifaqının üzvü Gülarə Salayevadır.

Gülarə Salayeva uşaq yaşlarında ikən 20 Yanvar hadisələri yaddaşına əbədi həkk olunub. Dinc soydaşlarımıza qarşı törədilmiş vəhşiliyin dəhşətli mənzərəsini, eləcə də yüzlərlə şəhər sakininin küçələrlə şəhidlərin dəfn mərasiminə axışmasını yaşadığı evin eyvanından seyr edib.

Gülarə Salayeva deyir ki, 20 Yanvar faciəsi mövzusuna bir çox rəssamlar müraciət edib, hər biri də Vətəninin ağır günlərini təsviri sənət vasitəsilə dünyaya çatdırmağa çalışıb: “Uşaqlıqdan yaddaşımda iz qoyan bu faciə uzun illər boyu məni də bir rəssam kimi narahat edirdi. İllər boyu düşündüm ki, elə bir əsər yaratmalıyam ki, hər bir şəhidin o işdə əksi olsun. Şəhid ailələrinin ürəyinə, bir balaca da olsa, öz işimlə məlhəm çəkmiş olum. İllər ərzində müxtəlif eskizlər etdim, lakin heç birinin üzərində dayanmadım. Sonunda bunun 4D formatda bir toxuculuq işi olacağını və 20 Yanvar faciəsinin 150 şəhidinin hər birinin adının yazılacağına qərar verdim. Beləliklə, 150 nəfər 20 Yanvar şəhidinin əziz xatirəsinə “Yüz əlli” adlı fəza qobelenini yaratdım”.

Qeyd edək ki, 20 Yanvar faciəsində şəhid olmuş 150 nəfərin adı ağ fon üzərində qara saplar ilə toxunub. Fəza qobeleni 7 ardıcıl hissədən ibarətdir. İlk 2 hissəni hər tərəfi 80 sm olan üçbucaq karkas təşkil edir. 3-cü və 4-cü hissənin karkası 60 sm, 5-ci hissənin karkası 50 sm ölçülü üçbucaqdır. 6-cı hissə 40X40 kvadrat formalı karkasdır, onu yerdə əks edəcək 7-ci hissə eyni ölçüdədir. Karkas üzərində 5 santimetr enində 30, 40, 50, 60, 80 sm uzunluğunda sadə hamar texnikada toxunmuş lent formalı hissələr bərkidilib. İşin hündürlüyü 5 metrdir.