Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsi keçirilir.

Yanvarın 15-dən fevralın 15-dək davam edəcək müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini yad etmək, uşaq və gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdir.

Onlayn platformada təşkil olunan müsabiqə xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları (estrada) nominasiyaları üzrə 2 yaş qrupunda (7-14, 15-20) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə 1 nominasiya üzrə qatılmaq olar. Təqdim edilən videogörüntülər aydın və keyfiyyətli olmalı, mahnıların ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı və nominasiyalar üzrə hazırladıqları videogörüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya (+994) 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərə bilərlər.

Əlavə məlumat üçün (+994) 12 568 42 19, (+994) 55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə saxlamaq olar.