AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan səfirliyinin əməkdaşları ilə Azərbaycanda “Nizami ili” və Özbəkistanda “Nəvai ili”nə həsr edilmiş görüş keçirilib.

İnstitutun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair belə bir görüşün vacib olduğunu vurğulayıb. Direktor iki qardaş ölkə arasında ədəbi əlaqələrə töhfə olaraq 2020-ci ildə institutun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 44 məqalədən ibarət xüsusi buraxılışının nəşr edildiyini xatırladıb.

Görüşdə Özbəkistan səfirliyinin birinci katibi Bəhram Qailov və səfirliyin attaşesi Aybek Əkrəmov, institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli iştirak ediblər.

Çıxış edənlər həm Nizami Gəncəvinin, həm də Əlişir Nəvainin ümumtürk ədəbiyyatında  xüsusi yerindən söz açıb, bu səbəbdən onların təntənəli yubileylərinin keçirilməsinin önəmindən danışıblar. Azərbaycan və Özbəkistan elmi ictimaiyyəti tərəfindən konfransların təşkil edilməsi hər iki yubileyə elmi dəstək kimi qiymətləndirilib.

Müzakirələrin nəticəsi olaraq fevral ayında “Nizami və Nəvai: ənənə və novatorluq” mövzusunda konfransın təşkil edilməsi qərara alınıb.