Kurslar turizmdə yeni texnologiyaların tətbiqi mövzusuna həsr edilib
   
   Bakı Turizm İnformasiya Mərkəzində «Müasir dövrdə Azərbaycan Respublikasında turizm sahəsində yeni texnologiyaların tətbiqi» mövzusunda treninq-kurslar keçirilir. Mərkəzin rəhbəri Əlibəndə Məmmədovun qəzetimizə verdiyi məlumata görə, əsasən rayonlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin əməkdaşları üçün nəzərdə tutulan bu treninqləri keçirməkdə məqsəd əməkdaşların öz iş prosesində müasir texnologiyalardan istifadə etmək bacarığını təkmilləşdirməkdir: «Turizm yeni və inkişafda olan sahə olduğundan burada köhnə qaydalarla işləmək mümkün deyil. Əgər bu sahənin inkişafına nail olmaq istəyiriksə, yeni texnologiyaları tətbiq etməliyik».
   Belə kursları vaxtaşırı olaraq təşkil etdiklərini deyən mərkəz rəhbəri bildirdi ki, budəfəki tədbir yeni texnologiyaların tətbiqi ilə məşğul olan «Sinam» şirkətinin mütəxəssislərinin iştirakı ilə baş tutacaq.
   Qeyd edək ki, noyabrın 16-da başlayan treninqlər ayın 21-nə qədər davam edəcək.

  Fəxriyyə