Şəhidlərin xatirəsi Cümhuriyyət qurucularının məzarı başında yad edilib

Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Əvvəlcə səfirliyin, daimi nümayəndəliyin əməkdaşları, diaspor üzvlərimiz Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanındığı Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər. Mərasimdə Sen-Klu şəhəri merinin 1-ci müavini Seqolen dö Larmina da iştirak edib. Məzarların üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək builki anım tədbirinin fərqli olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı zəfər sayəsində bu il şəhidlərimizin xatirəsini qürurla yad edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Qanlı Yanvarın ildönümündə Cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsi də rəmzi məna daşıyır.

Bildirilib ki, 31 il əvvəl tanklar, zirehli texnika Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babaların müstəqillik ruhunu davam etdirir. 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür.

Həmin gün Fransadakı səfirliyimizin, UNESCO yanında daimi nümayəndəliyin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual konsert də təşkil edilib.

Virtual konsert Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzindən səfirliyin “Facebook” səhifəsi vasitəsilə yayımlanıb.

Konsertdə Azərbaycan diasporunun üzvləri Mahir İsmayılov (nağara) və Ceyhun Aydınoğlu (balaban) xalq mahnısı “Sarı gəlin”, “Qarabağın maralı”, “Laçın”, “Segah” təsnifi, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Tofiq Quliyevin “Axşam mahnısı”nı ifa ediblər.