Xəbər verdiyimiz kimi, Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında iştirak üçün dəvət alıb. Festivalın təşkilat komitəsinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan pianoçusunun çıxışı 29 yanvar - 4 fevral tarixlərində nəzərdə tutulub. Xalq artisti festivalda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək. “Pekində görüş” festivalının kataloqunda da azərbaycanlı sənətçi haqqında məqalə dərc edilib.

Murad Hüseynovun XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında iştirakı ilə bağlı videoçarx da təqdim olunub. Dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşır.

Festival COVİD-19 pandemiyası səbəbindən proqramına onlayn şoular əlavə edilərək, 2021-ci il 7 yanvar – 4 fevral arasında keçirilir.

"Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" mövzulu festivalda 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq.