Lahıclı sənətkarların əl işləri daha çox xarici turistləri maraqlandırır
   
   Hər bir xalqın zəngin mədəniyyəti və tarixi həm də onun sənətkarlığında öz əksini tapır. Sənətkarlar yaratdıqları sənət əsərlərində mənsub olduqları xalqın incəsənətini, tarixini peşəkarlıqla qoruyub saxlayırlar. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir desək, yanılmarıq. Çünki ölkəmizin elə bir regionu yoxdur ki, oranın özünəməxsus sənətkarlığı olmasın. Xüsusilə də qədim sənət məskəni olan Lahıcda bu sahənin inkişafı həmin regiona xarici turistlərin marağını artırır.
   Bugünlərdə İmam Xomeyni İmdad Komitəsinin təşkilatçılığı ilə paytaxt və regionlarımızda fəaliyyət göstərən tətbiqi sənət ustalarının Dəniz Vağzalında böyük bir sərgisi təşkil edilmişdi. Sərgi iştirakçısı olan bir neçə lahıclı usta ilə söhbətləşdik.
   
   Qabın qiyməti onun naxışlanmasından asılıdır
   
   İlk həmsöhbətimiz lahıclı usta Hacı Yusif Kamilov, hər kəs tərəfindən maraqla qarşılanan, misdən hazırlanmış bir-birindən gözəl qabların müəllifidir. Usta Yusif dəfələrlə xarici və yerli sərgilərin iştirakçısı olub. Adıçəkilən sərgidə iyirmi adda qabı nümayiş olunan ustanın dediyinə görə, bu qabların hazırlanması çox böyük zəhmətə başa gəlir: «Amma çox rahatlıqla satılır. Qablar xaricilər tərəfindən daha çox alınır. Qiymətə gəldikdə isə hər bir qabın qiyməti onun naxışlanmasından asılıdır. Qabın üzərində naxışlanma, yəni əl işi çox olursa, onun qiyməti də bir o qədər baha olur».
   Hazırda səyyar fəaliyyət göstərdiklərini deyən usta qeyd etdi ki, misgərlik və dəmirçilik sənətinə maraq böyük olduğundan Bakıda da işləyirlər. Əsas emalatxanaları isə Lahıcda yerləşir: «Hər kəs öz emalatxanasında çalışır. Ancaq sərgilərdə bir yerə toplaşırıq. Çox sevinirəm ki, bu sənətə maraq böyükdür. Lahıcda indi bu sənətlə məşğul olan şagirdim var. Bir maraqlı faktı da qeyd edim ki, vaxtilə mən Lahıcda bu sahədə çalışan 350 nəfərə rəhbərlik etmişəm».
   Usta deyir ki, xalçaçılıq və corabçılıq da Lahıcın qədim sənət növlərindəndir: «On beş il bundan əvvələ qədər corab orda kütləvi halda istehsal olunurdu. Bu sahədə istehsal, boyama və emal bizdə aparılırdı. Hazırda yaşlı nəslin nümayəndələri Lahıcda bu işlə məşğul olurlar. Onlar corabları boyamaq üçün təbii rəng hazırlayır, yun əyirir və ip alaraq toxuyurlar”.   

   «Xarici turistlər düzəltdiyimiz qablara həsrətlə baxırlar»
   
   Əslən Qarabağdan olan qocaman usta Qurban İsmayılov isə bildirir ki, uzun illərdir ki, Lahıcda yaşayır. Onun dediyinə görə, 16 yaşından misgərlik sənətinə maraq göstərib: «Əmim Ağaismayıl Lahıcda bu sahədə məşhur usta olub. Əmim emalatxanada işləyəndə çox böyük bir maraqla saatlarla oturub onu müşayiət edərdim. O zaman ilk dəfə qazan düzəltdim, amma əmimin köməkliyi ilə. Həmin işimi ilk hazırladığım dəyərli sənət nümunəsi kimi bu günə qədər evdə saxlayıram. İllər keçdikcə, peşəkarlaşdım və teşt, güyüm, qazan və başqa qablar düzəltməyə başladım. İndi misdən nə düzəltmək mümkündürsə, bacarıram”.
   Bu sənət nümunələrini ərsəyə gətirmək üçün materialın əvvəllər daha çox olduğunu deyən Qurban dayı bildirir ki, hazırda Gədəbəydə olan mis qalıqlarından istifadə edirlər: «Bu sənəti tam öyrənmək çox çətindir. Ən azı on il işləməlisən ki, əlin bu sənətə öyrənsin. Misgərlik sənəti çox zərif və incə bir sənət olmaqla, ustadan böyük səliqə və incə iş tələb edir. Eyni zamanda maraqlı sənətdir, gərək səbrin olsun. Artıq 50 ilə yaxındır ki, bu işlə məşğulam, bu gün də həvəsdən düşməmişəm”.
   Usta Qurban hesab edir ki, bu sənəti öyrənmək öyrətməkdən çətindir: «Özü də bu peşə ilə gərək uşaq yaşlarından məşğul olasan. Çünki onda insanın həvəsi çox olur. Kiçik yaşlarından bu işlə bir- iki il mütəmadi məşğul olanda əl öyrəşir, vərdiş yaranır və sonradan isə peşəkarlıq əldə edirsən».
   Usta Qurbanın dediyinə görə, hazırda yüzdən artıq yaşı olan, babasından ona yadigar qalan emalatxanada fəaliyyətini davam etdirir: «Əvvəla, onu deyim ki, Lahıc özü tarixi baxımdan çox qədim və gözəl bir məkandır. Orda çay daşından tikilən çoxsaylı evlər var. Onların hər biri ayrılıqda gözəl və bənzərsiz incəsənət nümunələridir. Yayda buraya çoxlu sayda yerli və xarici turistlər gəlir. Bizim hazırladığımz sənət nümunələri əvvəllər xaricilər tərəfindən çox alınardı, amma indi dövlətin qanununa əsasən qədim sənət nümunələrini ölkədən xaricə aparmağa icazə verilmir. Ona görə də onlar çox həsrətlə bu qablara baxırlar və müəyyən suallarla bizə müraciət edirlər. Əcnəbilər bu sənət əsərlərinin fotoşəkillərini çəkib aparırlar. Yerli əhalimiz isə daha çox güyüm və samovar alır. Ölkəmizdə yeni ofis açanlar bu qədim sənət nümunələrindən alıb, iş otaqlarını zənginləşdirirlər”.
   Mis qablar arasında daha çox güyüm düzəldən usta bildirdi ki, durna çırağı adlanan qabın çox çətin hazırlandığını bildirdi.
   
   Gənclər dəmirçiliyə meyil göstərmirlər
   
   Usta Xosrov Abbasov uzun illərdir dəmirçilik sənəti ilə məşğul olur. Dediyinə görə, bu sənət onların ata-baba sənətidir: «Böyük bir həvəslə bu sənəti davam etdirirəm. İstəmirəm ki, dəmirçilik yaddan çıxsın və unudulsun. Əvvəllər bu sənətlə məşğul olanlar Lahıcda daha çox idi. Son illər isə demək olar ki, gənclərin bu sahəyə marağı azalıb».
   Usta Xosrov teşt, sac və odun qızdırıcısına daha çox tələbatların olduğunu söylədi. Xosrov kişi dəmirçi kimi ilk dəfə bıçaq düzəldib. Onun dediyinə görə, o zaman uşaq əməyi ilə daha asan başa gələn bıçaq idi.
   Misgərlik sənətindən fərqli olaraq gənclərin dəmirçiliyə az meyilli olduqlarını deyən usta Xosrov etiraf etdi ki, dörd oğlundan heç biri bu sənətə meyl göstərməyib. Səbəb isə dəmirçilik sənətinin çox ağır olmasıdır: «Dəmirçi gərək daim işləsin. Yəni bu böyük güc tələb edən bir peşədir. Nal, xalçaçılıqda istifadə olunan alətlər və sair kimi müxtəlif məişət əşyaları hazırlayıram. Hazırda atamın və babamın vaxtilə çalışdığı iki yüz yaşı olan çox qədim dəmirçixanada işləyirəm».
   Sonda hər üç həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, neçə ki, ömürləri və gücləri var, bu sənətlə məşğul olacaqlar və bu qədim sənət növlərini yaşadacaqlar.

   Fəxriyyə ABDULLAYEVA