Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər 1 saylı Folklor klubunun əməkdaşları Ağstafa rayon Dağkəsəmən kəndindən Vətən müharibəsi şəhidi, gizir Rəvan Elxan oğlu Qəfərovun ailəsini ziyarət ediblər.

Tovuz rayon MKS-nin Qaraxanlı və Xatınlı kənd kitabxana filiallarının əməkdaşları isə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş Rövşən Novruz oğlu Vəlixanovun ailəsinə baş çəkiblər.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami sənəti bizim mənəvi müasirimizdir” adlı onlayn tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Humay Aslanova Nizami Gəncəvinin bu gün də dəyərini itirməyən zəngin ədəbi irsi ilə bağlı iştirakçılara məlumat verib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon MKS və Gənclərin İnkişaf və Karyera Mərkəzi Qax nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi şair Almas İldırımın (1907-1952) anım gününə (14 yanvar) həsr olunmuş “Vətən həsrəti ilə bitən ömür” adlı videokonfrans keçirilib.

Videokonfransda Stalin repressiyasına məruz qalan, ömrünü doğma yurddan uzaqda başa vuran vətənpərvər şairin keşməkeşli həyat yolu və yaradıcılığından söz açılıb, Vətən yanğılı şeirlərindən nümunələr səsləndirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Qədim Bakıya səyahət” kitabının onlayn təqdimatını keçirib. Şöbənin kitabxanaçısı Nərmin Qasımova uşaqlara kitab haqqında məlumat verib. Bildirib ki, əsərdə İçərişəhərin tarixinə səyahət edilir, qədim şəhərin abidələri, məhəllələri, məişəti, mətbəxi, oyun və mərasimləri, adət-ənənələri haqqında danışılır. Kitab qədim Bakıya xəyali səyahət etmək istəyən hər bir oxucuya maraqlı bələdçi ola bilər.

Gəncə şəhər MKS-nin 2 nömrəli filialı böyük Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunan “Mahir söz ustası” adlı şeir saatı keçirib. Tədbirdə Vaqifin zəngin yaradıcılığına nəzər salınıb, filialın oxucuları tərəfindən şeirləri səsləndirilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının fəaliyyətinə həsr olunan onlayn seminar-müşavirə keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov pandemiya şəraitində kitabxana işinin təşkilində diqqət yetirilməli məqamlardan söz açıb.

N.MƏMMƏDLİ