Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov ilə Bilkent Simfonik Orkestrinin müdiri Aydın Mecid və musiqi direktoru Nüsrət İspir arasında videokonfrans formatında görüş keçirilib.

Həmsöhbətlərini salamlayan Ramil Qasımov artıq bir neçə mötəbər konsert zalı və musiqi kollektivlərinin rəhbərləri ilə bu formatda keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dil, din, mədəniyyət, adət və ənənələrin ortaq olması Azərbaycan və Türkiyəni həmişə bir-birinə doğma edib və iki ölkə bir-birilərinə daim dəstək verməklə bu qardaşlığın əbədi olduğunu sübut ediblər.

Ramil Qasımov əmin olduğunu bildirib ki, pandemiya bitdikdən sonra Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestrinin birgə həyata keçirəcəyi layihələr mədəni münasibətlərimizə yeni töhfə olacaq.

Söhbət zamanı bu istiqamətdə əməkdaşlıq və birgə konsert proqramlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bilkent Simfonik Orkestri 1993-cü ildə Bilkent Universitetinin qurucusu İhsan Doğramacının təşəbbüsü ilə yaradılıb. 10-dan çox ölkədən virtuoz ifaçıları bir araya gətirən orkestr Türkiyənin ilk özəl, akademik, beynəlxalq musiqi kollektivi kimi özəlliyə malikdir. Orkestr bu günə kimi dünyanın məşhur dirijor və solistləri ilə birgə konsertlər verib, bir sıra ölkələrin konsert salonlarında, beynəlxalq festivallarda çıxış edib. Müxtəlif qurumlar tərəfindən mükafatlara layiq görülən orkestr 2009-cu ildə UNİCEF tərəfindən Türkiyənin xoşməramlı elçisi elan olunub. Bilkent Simfonik Orkestri 2006-cı ildə Bakıda, Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.