Dekabrın 9-da Azərbaycan Turizm İnstitutunda “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində “Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda konfrans-sərgi keçirildi. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Müzəffər Şahin, Yaponiya səfirliyinin, İran İslam Respublikasının və Misir Ərəb Respublikasının mədəniyyət mərkəzlərinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tükəzban Quliyeva, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu iştirak edirdilər.
   Konfransı giriş sözü ilə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov açdı. O bildirdi ki, 2007-ci ilin noyabrında Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin 5-ci konfransında Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması və 6-cı konfransın Bakıda keçirilməsi qərara alınıb: ««Bakı İslam mədəniyyətinin paytaxtı-2009» mədəniyyət ili proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Bu gün Azərbaycan Turizm İnstitutunda “Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusuna həsr edilmiş elmi konfrans və sərgi «Bakı İslam mədəniyyətinin paytaxtı-2009» çərçivəsində keçirilən tədbirlərdən biri kimi dəyərləndirilməlidir. Bu tədbir ikinci konfrans-sərgidir».
   Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu Kipr mədəniyyəti ilə Azərbaycan mədəniyyəti arasında mövcud olan doğmalıq və oxşarlıqlardan söhbət açdı.
   Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş «Orta əsr Bakı şəhərinin maddi mədəniyyətində İslam amili»nin mühüm rol oynadığını bildirdi və sonrakı dövrlərdə bu mədəniyyətin ölkənin inkişafına nə dərəcədə təkan verdiyini açıqladı.

  Fəxriyyə 
   İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri isə «Azərbaycan Respublikasının İslam mədəniyyətinin nümunələrinə baxış» mövzusundakı çıxışında bu mədəniyyətin xaricdə tanıdılması problemlərindən danışdı.
   Konfransda çıxışlar ətrafında müzakirələr aparıldı, müxtəlif təkliflər səsləndirildi, mövcud problemlər və onların həlli yollarından bəhs olundu.
   Tədbiri yekunlaşdıran Cəfər Cəfərov iştirakçılara xatırlatdı ki, 2011-ci ildə Azərbaycanda «Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu» təşkil ediləcək. İki ildən sonra keçirilməsi nəzərdə tutulan forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşacaq.
   Konfransın davam etdiyi müddətdə xəttat Vüqar Məmmədov və rəssam Tahir Ələkbərovun əl işləri nümayiş olundu.