Bakı Uşaq və Gənclər Teatrının Vətən müharibəsində iştirak etmiş aktyorları ilə görüş keçirilib

44 günlük Vətən müharibəsinə könüllü qatılanlar sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev də var. Vətənpərvərlik ruhlu tamaşalarda uğurla çıxış edən aktyorlar bu dəfə hərb meydanında cəsarət nümayiş etdiriblər.

Baş idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri Bakı Uşaq və Gənclər Teatrında veteran döyüşçülərlə görüşüblər. Teatrın direktoru və bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan haqqında məlumat verib, onların vətənpərvər övlad, istedadlı aktyor və yaxşı həmkar olduqlarını vurğulayıb.

Bildirilib ki, Qurban Sərvət oğlu Əhmədov 21 sentyabrdan könüllü surətdə səfərbərliyə cəlb olunub. O, ilk günlər Ağdam, Ağcabədi istiqamətində, daha sonra bir ay Füzuli istiqamətində gedən ağır döyüşlərdə mərdliklə vuruşub. Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində ağır döyüşlərdə iştirak edib, Füzuli meşələrində düşmənin beton sədlərinin yarılaraq Hadrut qəsəbəsi və Tuğ kəndlərinin azad olunmasında fəallıq göstərib.

Cəbrayıl və Qubadlı ərazisində də vuruşan Qurban Əhmədov Qələbə xəbərini Qubadlıda alıb. Onun ən böyük arzusu döyüş yolu keçdiyi Vətən torpaqlarımızı qalib ölkənin vətəndaşı kimi gəzməkdir.

Digər qazi Röyal Ramiz oğlu Allahverdiyev də Vətən müharibəsinə könüllü gedib, artilleriyaçı kimi Suqovuşanın, Füzulinin yağıdan azad edilməsində iştirak edib. O, Füzulinin Aşağı Veysəlli kəndi, Cəbrayıl rayonu, Xocavəndin Tuğ kəndində döyüş əməliyyatlarına da qatılıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə Röyal Allahverdiyev "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.