“Nizami Gəncəvi İli”nin elan edilməsi haqqında ölkə başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrlə bağlı Respublika Gənclər Kitabxanası da silsilə tədbirlər hazırlayır.

“Nizami – eşq bağının bağbanı” adlı videokonfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Murad, AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı, kitabxananın oxucuları və əməkdaşları iştirak ediblər.

Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva iştirakçıları salamlayaraq, ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən bəhs edib, bununla əlaqədar kitabxananın planlaşdırdığı tədbirlərdən söhbət açıb.

Daha sonra çıxış edən Xədicə Murad Nizami yaradıcılığından bəhs edib. Şairin əsərlərinin ana xəttinin ilahi eşq, əxlaqi normalar, Vətənə sevgi, elmə həvəs, böyüyə ehtiram, qadına hörmət və s. kimi tərbiyəvi aspektlərdən ibarət olduğu vurğulanıb.

Zülfiyyə Eldarqızı çıxışında Nizami yaradıcılığının ölkəmizin hüdudlarından kənarda, bütün dünyada yüksək qiymətləndirilməsindən söhbət açıb, şairin qəzəllərini səsləndirib.

O, həmçinin Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilən, İndoneziya-Azərbaycan kinematoqraflarının birgə layihəsi olan filmdə Leylinin anası obrazını oynadığını diqqətə çatdırıb, ekran əsərinin tezliklə premyerasının gözlənildiyini deyib.