Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin violin ixtisası üzrə şagirdi Elmira Dadaşova dəfələrlə beynəlxalq və respublika miqyaslı müsabiqələrdə laureat adını qazanıb.

İdarədən bildirilib ki, yeniyetmə ifaçı 2021-ci ilin ilk uğurunu bu günlərdə Artima Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən Parisdə keçirilən “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində qazanıb. Yaşından yuxarı qrupun proqramı ilə çıxış edən Elmira bu çətin yarışmada 2-ci yerə layiq görülərək laureat adını alıb.

Müsabiqə proqramını Paris Ali Konservatoriyası və M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyası professorlarının yer aldığı münsiflər heyəti qiymətləndirib. Münsiflər təmsilçimizin ifasının texniki kamilliyi, artistizmi və bədii-emosional ifadəliliyinin  yaxşı səviyyədə olmasını vurğulayıblar. Münsiflər tərəfindən, həmçinin Elmiraya sənətin sirlərini öyrədən Əməkdar müəllim İlhamə Ağayeva diplomla mükafatlandırılıb.