Azərbaycan miniatürünün Orta əsrlərə təsadüf edən duyulası inkişafında poeziyanın güclü rolu olmuşdur. Miniatürlər həmin dövrlərdə ərsəyə gətirilən əlyazmaları bəzəmişlər.

Onların nəfis xətlə yazılmış poetik misralarla qovşağının həmin əlyazmalara gətirdiyi bənzərsizlik danılmazdır. Bunu Şərq poeziyası korifeylərinin əsərlərinə rəssamlar tərəfindən çəkilmiş saysız-hesabsız miniatürlər də təsdiqləyir. XIII-XIX əsrlərdə xəttatlar tərəfindən üzü köçürülmüş əlyazmaların bizim dövrümüzə gəlib çatmış nümunələri göstərir ki, rəssamların yaratdıqları bu ecazkar miniatürlər həmin əsərlərin bədii-estetik dəyərini duyulası dərəcədə artırmışdır. Odur ki, zamanında hökmdarların sifarişi ilə bir neçə ilə hazırlanan belə kitab mədəniyyəti nümunələrinə malik olan muzey və şəxsi kolleksiyalar bu gün haqlı olaraq bu sahiblikdən qürur hissi keçirirlər. Onların arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər xüsusi yer tutur.

Tədqiqatlar göstərir ki, Nizaminin “Xəmsə”nin müxtəlif əsrlərə aid edilən və səhifələri miniatürlərlə bəzədilmiş nüsxələrinə dünyanın ən müxtəlif ölkələrində rast gəlmək mümkündür. Həmin əlyazmalardakı miniatürlər say etibarilə yalnız Firdovsinin “Şahnamə”sindən bir qədər azdır. Keçmiş SSRİ-nin və xarici ölkələrin muzey və şəxsi kolleksiyalarında 338 mövzu üzrə XIV-XIX əsrlərdə çəkilmiş 3500-ə qədər belə miniatür qorunur. Bu gün çoxsaylı rəssam duyumunu əks etdirən belə miniatürlər onların yaradıcılarının da adlarını zamansızlığa yazmışlar.

“Xəmsə”yə daxil olan bütün poetik incilər rəssamların yaradıcılıqlarında yer alsa da, hesablamalar Yaxın Şərqdə didaktik-fəlsəfi şeirin ən yaxşı nümunəsi sayılan “Sirlər xəzinə”sinə nisbətən az müraciət olunduğunu təsdiqləyir. Bəzi tədqiqatçılar bunu poemanın həcmi ilə əlaqələndirirlər. Ancaq əsərdəki hər bir mənzum hekayənin nəsihət xarakteri daşıması rəssamlara şairin düşüncələrinin obrazlı tutumda ifadə etməyə imkan vermişdir. Bütünlükdə əsərdəki 23 süjetə rəsmlər çəkilmişdir. Bununla belə, həmin hekayətlərin bəziləri rəssamların diqqətini daha çox cəlb etmişdir. Hökmdar və onu ədalətə səsləyən rəiyyətin qarşılaşdığı səhnə Orta əsrlər miniatürçülərinin daha çox diqqətini cəlb etmişdir. Bağdad, Herat, İsfahan və Şiraz miniatür məktəbləri nümayəndələrinin çəkdikləri əsərlərdə xalqın haqq səsinin ifadəsi daha qabarıq göstərilmişdir. Sözsüz ki, onların arasında 1539-1543-cü illərdə üzü köçürülmüş “Xəmsə”yə (London, Britaniya Muzeyi) çəkilmiş miniatür üslublu illüstrasiyalar özünün yüksək bədii məziyyətinə görə fərqlənir.

Yüksək bədii dəyərinə görə Azərbaycanla yanaşı, həm də Yaxın və Orta Şərq kitab mədəniyyətinin unikal nümunələrindən hesab olunan və məşhur xəttat Şah Mahmud Nişapurinin incə “nəstəliq” xətlə yazılmış əlyazmasını altı müəllifin çəkdiyi çoxsaylı miniatür bəzəyir. Onlardan dördünü Sultan Məhəmməd, qalanlarını isə onun yetirmələri olan Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli, eləcə də həmin dövrün tanınmış fırça ustaları sayılan Ağa Mirək və Mir Müsəvvir işləmişdir. 792 səhifədən ibarət olan əlyazmanı bəzəyən 17 miniatürdən 14-ü “Xəmsə”nin üzünün köçürüldüyü vaxtda hazırlanmış, 3-ü isə XVII əsrdə Məhəmməd Zaman tərəfindən işlənmişdir.

Yaradıcılığı Azərbaycan təsviri sənətinin zirvəsi hesab olunan Sultan Məhəmmədin bu əlyazmada yer almış dörd miniatürü ilk növbədə orijinal kompozisiya və obrazlı – dekorativ həlli ilə diqqət çəkir. Onlardan biri “Sirlər xəzinəsi”nə çəkilmiş “Sultan Səncər və qarı” miniatürüdür. Hökmdarla ondan narazı olan kasıb təbəqənin nümayəndəsini qarşılaşdıran şairin vurğuladığı problemə əyanilik gətirən rəssam, nisbətən işıqlı fonda təqdim olunmuş bu qarşılaşmanın cəlbediciliyinə və təsirli bədii tutum almasına nail olmuşdur.

Sultan Məhəmmədin “Xosrov və Şirin” poemasına çəkdiyi miniatürdə isə Xosrovun çimən Şirini seyr etməsi təsvir olunub. Etiraf edək ki, Sultan Məhəmmədin “Xəmsə”yə çəkdiyi bu motiv özünün bədii-estetik dəyərinə görə başqalarından çox fərqlənir. Şərq incəsənətində çox geniş yayılan və rəssamların da dəfələrlə müraciət etdikləri bu motivə onun bədii münasibəti dolğunluğu və özünəməxsusluğu ilə göz oxşayır. Miniatürdə atlı Xosrovun yad baxışı altında özünün çılpaqlığını gizlətməyə çalışan Şirinin həyəcanı qabarıq göstərilib. Bununla belə, insan təsvirlərini təbiətlə əlaqəli şəkildə təqdim edən müəllif, son nəticədə motivin duyulası dərəcədə lirik tutum almasını şərtləndirmişdir. Kompozisiyanın şaşırdıcı görkəm almasında miniatür üslubunu səciyyələndirən rəng şuxluğunun qabarıqlığı və forma-biçim həllinin dekorativliyə bələnməsinin duyulası təsiri olmuşdur.

Sultan Məhəmmədin bu əlyazmada yer almış digər iki əsəri isə “Yeddi gözəl” poemasına çəkilmiş “Bəhram Gur ovda” və “Peyğəmbərin meracı” illüstrasiyalarıdır. Əvvəlki iki miniatürdən fərqli olaraq bu qrafika nümunələrində kompozisiyaların duyulası dinamikliyinə nail olan böyük sənətkar, miniatür üslublu Şərq rəngkarlığının çox geniş bədii ifadə potensialına malik olduğunu təsdiqləmişdir.

Mirzə Əli bu əlyazmasına iki miniatür üslublu illüstrasiya çəkmişdir. Rəssamın çəkdikləri üslub baxımından onun ustadının əsərlərindən fərqli olmaqla özündə Şapurun Xosrovun portretini Şirinə göstərməsi və Xosrovun musiqiçi Bərbədin musiqisini dinləməsi səhnələrini əks etdirir.

Mir Müsəvvirin “Sirlər xəzinəsi”nə çəkdiyi “Ənuşirəvan və bayquşların söhbəti” miniatüründə şairin söylədiyi ibrətamiz tutumlu əhvalata orijinal biçimli kompozisiyada cəlbedici əyanilik gətirmişdir. Kompozisiyanı təşkil edən şah və vəzirin, eləcə də heyvanların və bayquşların təsvirləri mənzərə ilə sıx əlaqədə verildiyindən miniatür çox cəlbedici baxılır.

Ağa Mirəkin “Xosrov və Şirin” ünvanlı çoxfiqurlu illüstrasiyası “Şapurun Arandan qayıtması” adlanır. Süjeti, XVI əsrdə yaşayıb-yaratmış bir çox Təbriz sənətkarları kimi, şadyanalıq motivi daxlində əyaniləşdirən rəssam həyatiliyi ilə gözoxşayan səhnə yarada bilmişdir. Onun digər – “Xosrov və Şirin qulluqçuların əhvalatlarını dinləyir” miniatürü də, əvvəlki kimi nəqli mahiyyətli olmaqla, təsvirə gətirilən məkan və baş verənlər barəsində əhatəli bilgi vermək gücündədir.

Rəssamın üçüncü miniatürü isə Xosrova tac qoyulmasına həsr olunub. Digər iki əsər kimi kompozisiyasının mürəkkəbliyinə görə diqqət çəkən bu illüstrasiyada etnoqrafik əlamətlərin qabardılması ilə onun cəlbediciliyinə nail olunmuşdur. Rəssamın bu əlyazmada yer alan dördüncü illüstrasiyası “Məcnun səhrada vəhşi heyvanlar arasında” (“Leyli və Məcnun” poeması) adlanır. Miniatürləri səciyyələndirən ifadə emosionallığının qabarıq duyulduğu əsərdə dahi aşiqin yaşantılarına çoxqatlı “bədii güzgü” tutulduğundan, Məcnunun fauna aləmi ilə ünsiyyəti duyğulandırıcı qəbul olunur.

Tədqiqatçılar əlyazmadakı imzasız “İki aqilin yarışması” (“Sirlər xəzinəsi” poeması) miniatürünün də Ağa Mirək fırçasına məxsus olması qənaətindədirlər. Müəllif iki həkim rəqibin – Esxillə Evripidin yarışmasından qaynaqlanan dramatizmi qabarıq göstərmək əvəzinə, daha çox saray mühitinin ümumi görüntüsünü ön plana çəkməyə qərar vermişdir.

Müzəffər Əlinin əlyazmadakı yeganə əsəri “Yeddi gözəl” poeması ilə bağlıdır. Onun çəkdiyi illüstrasiyada Bəhram Guru yabanı uzunqulaqları ovlayan vəziyyətdə görürük. Burada onun Fitnənin arzusu ilə oxla vəhşi heyvanın ayağını qulağına “tikdiyi” məqam bədii görkəm alıb.          

Rəssamların “Leyli və Məcnun” poemasına çəkdikləri çoxsaylı rəsmlər əfsanəyə dönmüş məhəbbətlə Nizami poeziyası arasında obrazlı bir körpüyə bənzəyir. Əsərlərdə bəzən rəssamların mövzunun konkret poetik çərçivəsindən kənara çıxmaq, ona öz hiss və duyğularını əlavə etməklə daha da zənginləşdirmək meyli duyulmaqdadır. Bu mənada Təbrizli Mir Seyid Əlinin Britaniya əlyazmasında yer alan və “Məcnun Leylinin çadırı qarşısında” adlanan yeganə əsərinin adını çəkmək istərdik. Bu miniatür psixoloji yaşantıların obrazlı ifadəsi ilə diqqət çəkir.

Tədqiqatçılar onu böyük məhəbbət dastanına həsr olunmuş ən uğurlu işlərdən hesab edirlər. Burada bir qarının zəncirlənmiş Məcnunu Leylinin çadırının yanına gətirməsi təsvir olunub. Çadırlardan heyrətlə onlara tamaşa edən qızların, Məcnunu daşa basan uşaqların, ona hürüşən itlərin, payız libası geymiş ağacların təsviri miniatürün təlqin etdiyi kədər notlarını daha da gücləndirir. Sevgilisini görmək istəyi ilə dilənçi qiyafəsinə bələnən Məcnunun həsrət dolu vücuduna hopmuş ağrıları miniatürdə təsirli tutumda ifadə olunub.

Məhəmməd Zaman isə bu əlyazmaya sonralar daxil edilmiş üç – “Çiyni öküzlü Fitnənin pillələri qalxması”, “Bəhram Gurun əjdahanı öldürməsi” və “Bəhram Gur aylı gecədə bağda şahzadə ilə şam edir” miniatürlərini işləmişdir. Üslub baxımından digər miniatürlərdən fərqlənən bu əsərlərin estetikasında realizm ənənələrinə bağlılıq duyulmaqdadır.

Nizami Gəncəvi ünvanlı digər əlyazmalarda da “Xəmsə”nin daşıdığı dərin məna-məzmunu əyaniləşdirən çoxlu miniatürlərə rast gəlinir. Buxaralı Mahmud Müzəhhibin “Sirlər xəzinəsi” poeması ilə bağlı çəkdiyi əsərdə isə şərtiliyə daha çox üstünlük verilmişdir. Təbrizli Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”ndə zülmkar padşahın islahı, Mirzə Əlinin “İki aqilin yarışı” əsərində psixoloji emosiyaların təzadı ön plana çəkilmişdir.

Qeyd etmək lazımdır ki, “Sirlər xəzinəsi”ndən fərqli olaraq bizim dövrə “Xosrov və Şirin” poemasında tərənnüm olunan yüksək hisslərin obrazlı ifadəsi kimi qəbul olunan xeyli sənət nümunəsi gəlib çatıb. Əsərin zəngin süjet xətti rəssamlara bir-birindən maraqlı lövhələr yaratmağa imkan vermişdir. Təkcə onu demək lazımdır ki, əsərdəki 75 ayrı-ayrı motiv poema qəhrəmanlarının məhəbbət tarixçəsini açıqlayır, Fərhadın sədaqətindən söz açır.

“Xosrovun çimən Şirini görməsi” epizodu poemanın ən çox fırçaya alınan məqamıdır. Ümumiyyətlə, bu səhnə “Xəmsə”nin 120 əlyazmasını bəzəyir. Onların ən qədimi 1420-ci ildə Şiraz sənətkarları tərəfindən işlənib, sonrakı illərdə digər miniatürlər yaradılıb. Onlardan biri İstanbulun Topqapı sarayında qorunan 19 miniatürlü “Xəmsə”ni (1481) bəzəyir. Bu motivin Bakıdakı Nizami muzeyində saxlanan nümunəsi də bədii məziyyətlərinə görə diqqət çəkir. “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi” illüstrasiyası ilk növbədə rəng həllinin orijinallığına və icra sənətkarlığının bənzərsizliyinə görə yadda qalır. Vaşinqtondakı Frir qalereyasındakı miniatür də yüksək icra sənətkarlığı ilə göz oxşayır. “Xəmsə”nin dünyanın müxtəlif kitabxana və şəxsi kolleksiyalarında saxlanan 1405-1410, 1431, 1479, 1481, 1624, 1648, 1461 və 1481-ci illər nüsxələrində də motivin bir-birindən fərqli bədii şərhlərini görmək mümkündür.

Poemanın Orta əsrlər miniatürçülərini ən çox cəlb etmiş epizodları bilavasitə Xosrovla bağlıdır. Sultan Məhəmmədin oğlu Mirzə Əlinin “Şapurun Xosrovun şəklini Şirinə göstərməsi”, “Xosrovun musiqiyə qulaq asması” Herat məktəbinin nümayəndəsi Mirək Nəqqaşın “Şirin Xosrovun şəklini alır”, təbrizli Ağa Mirəkin “Şapurun Xosrovun yanına qayıtması”, “Xosrovun taxta çıxması”, “Xosrov və Şirin xidmətçilərin nağılına qulaq asırlar” miniatürlərində saray həyatının dəbdəbəli təsviri əlvan boyalarla orijinal biçimli kompozisiyalarda əbədiləşib.

“Yeddi gözəl” poemasına həsr olunmuş “Bəhram Gur Fitnə ilə ovda” əsərində (müəllifi Müzəffər Əli) hökmdarın gurun dırnağını qulağına tikdiyi an əks olunub. Qeyd etmək lazımdır ki, bu süjet təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növlərində də geniş yayılıb. Öküzü çiyninə almış Fitnənin pillələrlə qalxması səhnəsi də rəssamların diqqətini çox cəlb edən motivlərdəndir. Demək olar ki, əlyazmalarının əksəriyyətində ona rast gəlinir. “Bəhram Gurun əjdahanı öldürməsi” anı Behzad, Qasım Əli, Talıb, Məhəmməd Zaman və digər sənətkarlar tərəfindən həm klassik miniatür estetiksına müvafiq, həm də Avropa rəssamlığına yaxın – “Qacar üslubu”nda bədii görkəm alıb.

“İsgəndərnamə” poeması mürəkkəb süjetinə görə təsvir üçün də geniş imkanlar açmışdır. İsgəndərin çobanla söhbəti, ölüm ayağında olan Dara ilə görüşü, Nüşabə ilə qarşılaşması səhnələri özünün məna-məzmun yükünə görə müxtəlif duyğular aşılayır. Bakıda, İstanbulda, Parisdə, Berlində, Düşənbədə saxlanan əlyazmalarında həmin anlar maraqlı təsvir vasitələrilə təcəssüm tapıb.

Yuxarıda adları çəkilən miniatürlərin əksəriyyəti Azərbaycandan uzaqlarda – dünyanın nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Lakin Bakı muzeylərində, o cümlədən də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Tarixi Muzeyində və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan çoxsaylı əlyazmalarda da özünəməxsus estetikaya malik əsərlər mövcuddur. Onların arasında müstəqil şəkildə ərsəyə gətirilmiş miniatürlər də çoxluq təşkil edir. Əksəriyyəti bu vaxta qədər tədqiqata cəlb edilmədiyindən geniş ictimaiyyətin onlardan xəbəri olmayıb.

Təkcə vaxtilə M.F.Axundzadənin kolleksiyasında olan və hazırda Əlyazmalar İnstitutunda qorunan “Xəmsə”ni 18 miniatür bəzəyir. 1627-ci ildə üzü köçürülmüş bu əlyazmadakı illüstrasiyaların bədii həllində naməlum müəllifin Təbriz miniatür məktəbi estetikasına tapındığı qabarıq duyulur.

Nizami muzeyindəki miniatürlərin əksəriyyəti müəyyən əlyazmasını bəzəməyib, müstəqil formalı qrafika nümunələridir. Zamanında ayrı-ayrı şəxslərdən satın alınaraq muzeyin fondlarına daxil edilmiş bir neçə miniatür “İsgəndərnamə” poemasına çəkilmişdir. Onların daxilolma tarixinin 1939-1940-cı illərə təsadüf etməsi göstərir ki, əsərlər şairin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla əlaqədar – Bakıda yeni yaradılan Nizami muzeyinin ekspozisiyası üçün alınmışdır. “İsgəndərin müşavirəsi”, “Makedoniyalı İsgəndərin Nüşabənin sarayına gəlməsi”, “Bəhram Gurun əjdaha ilə vuruşması”, “Bəhrəm Gurun şirlə vuruş səhnəsi” və “İsgəndərlə zahidin söhbəti” adlı bu miniatürlərdə klassik üslubun estetikasından istifadə olunması onların XVII-XVIII əsrlərdə çəkildiyini ehtimal etməyə əsas verir.

Bundan əlavə, muzeydə Nizami Gəncəvi ünvanlı digər miniatürlər də saxlanılır. Onların da əksəriyyəti “İsgəndərnamə” ilə bağlıdır. Bu miniatürlər başqalarından ilk növbədə motiv müxtəlifliyi ilə fərqlənir. Bu mənada rəssamların seçimlərini “Xıdır peyğəmbər dirilik suyunun yanında”, “Makedoniyalı İsgəndərlə Ərəstunun görüşü”, “İsgəndər və Ərəstun məktəbdə”, “İsgəndər Hindistanda”, “Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabənin sarayında”, “İran şahı Daranın öldürülməsi” və “Makedoniyalı İsgəndərin anadan olması” adları ilə ifadə etməsini qeyd etmək olar.

Nizami “Xəmsə”sindən ilhamlanmanın nəticələri olan çoxsaylı miniatürlərin təhlili göstərir ki, bu əsərlərdə onsuz da çoxqatlı olan poetik misralara rəssam münasibətində də dahi söz xiridarının aşıladığı bəşəri ideyalara yaddaqalan, çox vaxt da şaşırdıcı bədiilik-əyanilik gətirilmişdir. Önəmlisi isə, “Xəmsə”nin özü kimi, bu miniatürlərin də zamansızlığa qovuşmasıdır. Bu mənada həmin əsərlərin də milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğçisi olacağı birmənalıdır...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor