Bu gün ABŞ süni intellektin hazırlanması və istifadəsi sahələrində aparıcı ölkədir. İkinci yerdə gedən Çin ona sürətlə yaxınlaşmaqda, bəzi göstəricilər üzrə isə önə keçməkdədir. Avropa İttifaqı bu ikilinin yarışmasından geri qalır.

Bu qənaətə ABŞ-ın “İnformation Technology and İnnovation Foundation” analitik mərkəzinin mütəxəssisləri gəliblər.

Mərkəzin mütəxəssislərinin süni intellekt mövzusunda tədqiqatında əsas diqqət süni intellektin altı kateqoriyası üzrə göstəricilərə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq.

ABŞ 100 ballıq şkala əsasında 44,2 bal toplayıb, Çin 32,3 balla ikinci, Avropa İttifaqı isə 23,5 balla üçüncü yeri tutub.

Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir. Çində bu göstərici 214, ABŞ-da 113, Aİ-də 91 təşkil edir.

Ekspertlərin sözlərinə görə, Çinin süni intellekt imkanları Aİ və ABŞ-la müqayisədə bir neçə istiqamət üzrə yaxşılaşıb. Çin 2018-ci ildə süni intellekt üzrə 25 minə yaxın tədqiqat işi dərc edərək Avropa İttifaqını süni intellekt nəşrləri üzrə dünya lideri kimi üstələyib. Aİ-də bu göstərici 20 minə yaxın, ABŞ-da 16 min təşkil edir. Çində süni intellekt sahəsində tədqiqatların keyfiyyəti ümumilikdə ildən-ilə artır. Bu ölkənin proqram təminatı və kompüter xidmətləri təqdim edən şirkətlər elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərcləri artırıb.

CAVİD