Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.

Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.

“Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir”, – deyə sərəncamda vurğulanır.

Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artıb, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşıb. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb.

Qeyd olunur ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Vurğulanır ki, Azərbaycanın növbəti 10 il üçün inkişaf istiqamətlərini əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

“2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi; aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması təmin edilməlidir.

Aidiyyəti dövlət orqanlarına (qurumlara) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. 2012-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdi. Milli Prioritetlər “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi üzərində tərtib olunub.

Azərbaycanın 2030-cu il üçün hədəflərini ehtiva edən Milli Prioritetlər haqqında ətraflı gələn sayımızda məlumat verəcəyik.