... Taleyə, qismətə bax ki, 1941-ci ilin 22 iyununda yay tətilini keçirmək üçün ölkənin qərb sərhədindəki doğma kəndinə babangilə qonaq gələsən və ananı, atanı bir də üç ildən sonra – kənd işğaldan azad olunandan sonra görəsən…

Özü də həyatın qaynadığı Moskvadan Ukraynanın Odessa vilayətinin Moldova ilə sərhədinə yaxın (təbii ki, o vaxt bu sərhəd rəmzi məna daşıyırdı) Strimba kəndinə gələndə sənin vur-tut yeddi yaşın ola… On yaşına kimi uşaqlığının ən gözəl çağını müharibə-mühasirədə yaşayasan...

Bütün bunlar azmış ki, işğalçı ordunun hərbçisi əylənmək üçün sənin – 7-8 yaşlı uşağın başını guya hədəf alaraq, başının üstündən avtomatın iki daraq gülləsini havaya boşalda… Sən də bu hadisədən sonra möhkəm kəkələməyə başlayasan…

Söhbət artıq barəsində keçmiş zamanda danışdığımız, bu günlərdə (28 yanvar) dünyadan köçmüş görkəmli teatr və kino aktyoru, həyatının altmış ilini aktyor sənətinə bağlamış, qıyqacı baxışı, məxmər kimi yumşaq, polad kimi şaqraq səsi ilə əvvəlcə rejissorları, səhnəni, ekranı bölüşdüyü tərəfdaşlarını, sonra da milyonlarla tamaşaçını sehrinə salan Vasili Lanovoydan gedir.  

Vasili Lanovoyun çəkildiyi ilk film – sovet yeniyetmələrinin ilk həyat sarsıntılarından bəhs edən “Kamal attestatı” 1954-cü ildə böyük ekrana çıxandan bu ucaboylu, yaraşıqlı aktyor lap ahıl yaşınadək rol sarıdan korluq çəkmədi.

Lakin uşaq ikən üzləşdiyi müharibə dəhşətləri ömürlük onun şüuruna həkk olub, qəlbində dərin iz buraxdı. Bəlkə də buna görə rejissorlar Vasili Lanovoyu daha çox döyüş filmlərində görmək istədilər. “Zabitlər”dəki İvan Varavva, “Parol lazım deyil”dəki Mareykis, “Berlindən şimal-qərbdə”ki Naməlum adam, “Operativ ezamiyyət”dəki Komandir, “Lyubov Yarovaya”da Mixail Yarovoy, “Baharın on yeddi anı”ndakı Karl Volf, “Anna və Komandor”dakı Komandor, “Turbinlərin günü”ndəki Şervinski, “Azadlıq əsgərləri”ndək general-polkovnik Qreçko, “Ləğvetməyə başlamalı”dakı polkovnik Çistyakov kimi obrazları yada salmaq kifayətdir ki, bu fikri təsdiq edəsən. Bütövlükdə isə  xarizması ekrandan belə sirayət edən 100-dən çox filmdə irili-xırdalı rol oynadı Vasili Lanovoy.

Bəlkə də Vasili Lanovoy tək-tək aktyorlardandır ki, 64 il eyni teatrın səhnəsində çıxış edib. 1957-ci ildə sənət təhsilini başa vurandan sonra Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı onun yeganə iş yeri olub.

Vasili Lanovoy həm Vaxtanqov teatrının qastrol tamaşaları, həm də çəkildiyi filmlərin premyeraları ilə dəfələrlə paytaxtımıza gəlib. Sonuncu dəfə isə 2011-ci ildə Erik-Emmanuel Şmitin “Həvvaya ithaf” tamaşası ilə Bakıda olmuşdu. 1 saat 45 dəqiqə fasiləsiz davam edən tamaşa yəqin ki, onu seyr edənlərin yaddaşında əbədi qalacaq. Yeri gəlmişkən, 1999-cu ildə ilk tamaşası göstərilmiş “Həvvaya ithaf” hələ də Vaxtanqov teatrının repertuarındadır. İndən belə zahid yazıçı Abel Znorko rolunda kim çıxış edəcək?...

Əgər koronavirusa yoluxmasaydı, Vasili Lanovoy öz sənət heyranları ilə səhnədə hələ çox görüşəcəkdi. Görkəmli aktyor 86 yaşında da səhnədə idi.  Axırıncı premyerası – “Yevgeni Vaxtanqovun şərəfinə büllur bal” tamaşası ayyarım əvvəl – ötən il dekabrın 14-də olmuşdu. Amma kim nə bilərdi ki…

***

...Tələbəyik. XIX əsr rus ədəbiyyatından bizə görkəmli alim, mərhum Şamil Qurbanov dərs deyir. Çox sevdiyi müəlliflərə, əsərlərə, ədəbi qəhrəmanlara oxucu, tədqiqatçı rəğbətini heç gizlətməyən, bu hissi mühazirələrində tələbələrinə ötürməyi bacaran, tədris edilən əsərləri böyük ustalıqla təhlil edən bir pedaqoq idi Şamil müəllim. Budur, proqramla növbə Lev Tolstoyun “Anna Karenina” əsərinə çatıb. Müəllim əsərin başlıca qəhrəmanlarının xarakterini aça-aça gəlib çatdı zabit Aleksey Vronski obrazına və maraqlı bir cümlə işlətdi: “Vronski – yəni əsl Peterburq cayılı!”. Şamil Qurbanov bunu söylədi və bütün auditoriyanı nəzərdən keçirib susdu. Mən isə özümü saxlaya bilməyib “müəllim, nə gözəl, nə dəqiq dediniz!” söyləyib əl çaldım. Müəllim gülümsədi və heç nə demədi. Sonradan semestr imtahanında biləcəkdim ki, Şamil Qurbanov mənim reaksiyamı məmnunluqla yada salıb suallara cavab istəmədən qiymətimi yazdı. Demə, o, həmin pedaqoji priyomla hansı tələbənin “Anna Karenina” əsərinə bələd olduğunu bilmək istəyirmiş. Qiymət kitabçamı bəzəyən “əla”dan sonra mən də ürəyimdən keçəni müəllimimlə paylaşdım: “Düzdür, əsəri oxumuşdum, özü də orijinaldan. Amma siz “Peterburq cayılı” deyəndə gözümün qarşısında məhz Vasili Lanovoyun Vronskisi canlandı”.

İllər sonra görkəmli aktyorla Bakıda tamaşadan sonra ayaqüstü görüşəndə macal tapıb bu əhvalatı ona söylədim. Düzdür, “Peterburq cayılı” ifadəsinin nə demək olduğunu anlatmağa təxminən iki-üç dəqiqə gərək oldu. Vasili Semyonoviç Bakıda, universitet auditoriyasında baş vermiş həmin olaydan məmnun qaldığını gizlətmədi. Bəlkə də elə bu səbəbdən söz verdi ki, 100 yaşını məhz Bakı səhnəsində rol oynayaraq qeyd etmək istəyir. 

İndi də budur, Vasili Lanovoy barədə son söz yazıram. Və deyirəm, məzarında rahat uyu, “Peterburq cayılı”!... Sizin kimi böyük istedadlar, bitkin şəxslər yalnız amansız xəstəlik üzündən vədlərinə xilaf çıxa bilərlər. Heyif sizdən, “Şahzadə Turandot”un ən romantik, ən realist, ən yaraşıqlı Kalafı!  

Gülcahan MİRMƏMMƏD