“Qırmızı planet”in fotoları tədqiq ediləcək

Marsın tədqiqi üzrə Çin zondu “qırmızı planet”in 2,2 milyon kilometr məsafədən çəkilmiş ilk şəklini göndərib. Çin Dövlət Kosmik İdarəsinin (CNSA) yaydığı məlumata görə, kosmik aparat orbitin dördüncü korreksiyasını uğurla yerinə yetirib.

“Tyanven-1” iyulun 23-də kosmosa buraxılıb və 197 gündür uçuşdadır. O, hazırda Yerdən təxminən 184 milyon kilometr məsafədə yerləşir. Marsa olan məsafə isə 1,1 milyon kilometrdir.

Zondun missiyasına Mars orbitində fırlanmaq, “qırmızı planet”in səthinə enmək daxildir. Missiyanın uğurlu olacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsda mümkün həyat əlamətlərini aşkara çıxarmaq, həmçinin gələcəkdə bu planetin insan yaşayışı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir.

CAVİD