Dövlətlərarası razılaşmaya əsasən Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Andrei Barseanu Kolleci arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin təhsil sektorunun müdiri Asif Yusubəliyev, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Rumıniyanın Braşov şəhərində işgüzar səfərdə olublar. Azərbaycanın təhsil işçiləri 180 illik tarixi olan Andrei Barseanu Kollecində tədrisin təşkili, maddi-texniki bazası, dərsliklər, tədris planları və müəllimlərin iş təcrübəsi ilə tanış olublar. İki kollec arasında imzalanmış protokolda milli təhsil sisteminin beynəlxalq inteqrasiya proseslərində iştirakının aktuallığı və əhəmiyyəti nəzərə alınıb. Tərəflər orta ixtisas və peşə təhsilinin təşkili, planlaşdırılması sahəsində bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq edəcəklər.
   Mingəçevir Turizm Kolleci artıq 3 ildir ki, həm də Şotlandiyanın Stevenson Kolleci ilə əməkdaşlıq edir. Fevralın 28-də Stevenson Kollecinin nümayəndələri Mingəçevirə gələcəklər. Təhsil ocağı Türkiyə, Avstriya, Rusiya və Ukraynanın turizm sahəsi üzrə tanınmış təhsil ocaqları ilə də təcrübə mübadiləsi aparır.

 Fəxriyyə ABDULLAYEVA