ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veisman öz adından və Aventura Şəhər Komissiyası adından “26 fevral 2021-ci il tarixinin Xocalı faciəsinin anım günü” kimi qeyd edilməsinə dair bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinlərinin – qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən artıq günahsız dinc əhalinin qətliama məruz qaldığı qeyd edilir. Bildirilir  ki, Human Rights Watch və digər beynəlxalq insan hüquqları təşkilatları bu faciəni böyük qətliam adlandırıb.

Bəyanatda Xocalıda baş vermiş hadisə yad edilərək, müharibə dövründə yarana biləcək dəhşətli zərərlər xatırladılır, bütün dünya insanları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac duyulduğu diqqətə çatdırılır.

Florida ştatında, Aventura şəhərində və bütün dünyada yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi vurğulanır.

Bəyanat Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının adından, təşkilatın prezidenti Töhfə Eminova tərəfindən edilən müraciət əsasında qəbul olunub.