Daşkənddəki Prezident məktəbinə kitablar hədiyyə olunub

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Özbəkistanın aparıcı universitetləri, kitabxanaları və orta məktəblərinə ölkəmizə dair kitab kolleksiyaları hədiyyə olunur.

AMM tərəfindən layihə üzrə Daşkənddəki Prezident məktəbinə Azərbaycana dair kitablar təqdim edilib. Kolleksiyaya Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və s. mövzularda kitablar, jurnal və elektron nəşrlər, eləcə də AMM-in sözügedən layihəsi çərçivəsində özbək dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları daxildir. Kitabların arasında Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən AMM-ə göndərilən nəşrlər, habelə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar dahi şairin əsərləri də yer alıb.

Məktəbin direktoru Turapboy Şermatov kitab kolleksiyasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Direktor həmçinin təhsil ocağı ilə AMM arasında gələcəkdə əməkdaşlığa dair memorandumun imzalanmasının zəruriliyini də vurğulayıb.

AMM-in Kitabxana-informasiya bölümünün rəhbəri Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan mədəni əlaqələrini möhkəmləndirmək məqsədilə həyata keçirilən layihələrdən danışıb, “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində çoxsaylı nəşrlərin Özbəkistanın təhsil müəssisələrinə hədiyyə edildiyini diqqətə çatdırıb.

Məktəbin yuxarı sinif şagirdləri ölkəmizdən hədiyyə olunan kitablar əsasında hazırlanmış “Odlar yurdu – Azərbaycan” adlı sərgi ilə tanış olub, ölkəmiz haqqında biliklərini bölüşüblər.

Özbəkistan dövlət başçısının sərəncamı ilə yaradılmış Prezident məktəbinə təhsil almaq üçün ölkənin hər bir regionundan xüsusi istedadlı uşaqlar seçilir. Məktəbdə tədris özbək və ingilis dillərində həyata keçirilir.