Vebinarda mövzu ətrafında müzakirələr aparılıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” mövzusunda növbəti vebinar keçirilib.

Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə BMA-nın işçi heyəti və bir qrup tələbə iştirak edib.

BMA-nın prorektoru, Xalq artisti Yeganə Axundova rektor, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin salamlarını çatdırıb, mövzunun aktuallığını qeyd edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi,  media məkanımıza müdaxilədə başlıca hədəflər, dezinformasiya ilə mübarizə, eyni xəbərin fərqli təqdim olunma üsulları, vacib mövzularda güvənilən və rəsmi xəbər mənbələrinə müraciətin önəmi kimi məsələlər haqqında söz açıb. O, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında və informasiya mübadiləsi zamanı düşmənin hədəfinə çevrilməmək, qarşı tərəfdən manipulyasiya edilməmək üçün diqqətli olmağın vacibliyini vurğulayıb.

BMA-nın müəllim heyətindən professor Mina Hacıyeva, dosent Xatirə Həsənzadə, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə bu qlobal problemlə bağlı fikirlərini bölüşüblər.