“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. 2012-ci ildə qəbul olunmuş Məcəllənin 11.1-ci maddəsində “Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır” müddəasının qüvvəyə minmə müddəti 8 il (yəni 2020-ci ildə) nəzərdə tutulmuşdu.

2021-ci il 1 fevral tarixində Milli Məclisdə qəbul edilən müvafiq qanunla bu müddət 11 il nəzərdə tutulur, yəni 3 il artırılır. 

Sözügedən dəyişiklik dövlət Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Dövlət başçısı, həmçinin fevralın 16-da “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti işğaldan azad edilmiş kənd ərazilərindəki yaşayış məntəqələrinin bərpası ilə bağlı ərazi planlaşdırılması işlərinin daha səmərəli təşkili məqsədilə 2015-ci il 12 yanvar tarixində təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda bir ay müddətində müvafiq dəyişikliklər etməlidir.