AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fevralın 8-dən başlayaraq bütöv həftənin Özbəkistanla bağlı ədəbi-mədəni tədbirlərə həsr edildiyini bildirib. Akademik Nizami və Nəvai haqqında konfransdan sonra böyük özbək şairi, dövlət xadimi Zahirəddin Məhəmməd Babura həsr olunan konfransı da qardaşlıq əlaqələrinə nümunə adlandırıb.

İsa Həbibbəyli deyib: “Baburların hakimiyyəti dövründə tikilən Tac-Mahal türk memarlığının əzəmətli abidəsidir. Onun inşasında azərbaycanlı memarlar da iştirak ediblər. Baburlar sülaləsi tarixə öz möhürünü vurub. Babur eyni zamanda böyük şairdir. “Baburnamə”nin adını dəyişib “Özbəknamə” qoymaq olar. Onun lirikası ilə yanaşı, “Divan”ı da Əlişir Nəvainin “Divan”ı kimi cağatay türkcəsinin qüdrətini yaşadır, gələcək nəsillərə ərməğan edir”.

Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Nizami və Nəvai yaradıcılığına həsr olunmuş konfranslara da qatıldığını xatırladaraq bu konfransda da iştirakından məmnun olduğunu bildirib. Səfir Baburu öz dövrünün ensiklopedik şəxsiyyəti adlandıraraq onun sərkərdə, alim, şair və vətənpərvər kimi fəaliyyətindən söz açıb, Özbəkistanın müstəqillik qazanmasından sonra hər il Babur günlərinin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Konfransa qatılan Əfqanıstanın Azərbaycandakı səfiri Amanulla Ceyhun türkcə giriş nitqi söyləyərək Nizami, Nəvai, Babur kimi böyük insanları müştərək mirasımız adlandırıb. Bildirib ki, Babur bütün coğrafiyamızın parlaq ulduzudur. Hər iki konfransa qatılmasını böyük qürur adlandıran əfqan səfir ingilis dilində Babur haqqında məqaləsini təqdim edib.

Sonra Özbəkistan Yazıçılar Birliyi sədrinin birinci müavini Nadir Xalbutayev çıxış edib. Ədəbiyyat İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru Almaz Ülvi, filologiya elmləri doktorları, professorlar Həmidulla Baltobayev, Cabbar İşankulov, Ramiz Əskər və Dilaram Salahi onlayn konfransda Babur yaradıcılığına dair məruzə ediblər.