Adı ötən yüzilliyin səksəninci illərindən sənətsevərlərin yadında qalan gənc rəssam Əşrəf Heybətovun təhsil illərində topladığı professional bədii-texniki vərdişləri uğurla tətbiq etməsinin, yaradıcı potensialının hərtərəfli ifadə etməsinin arxasında həm də onun məşhur fırça ustaları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və Mircavad Mircavadovla davamlı ünsiyyəti dururdu. Bu üç sənətkarın dünyaya baxışlarının başqalarından fərqli bədii görkəm almasında, heç şübhəsiz, onların axtarışlarında milli-mənəvi dəyərlərə tapınmalarının duyulası təsiri olmuşdu. Odur ki, zamanında yaşıd həmkarları Qərb “izm”lərini özlərinə örnək hesab edəndə, Əşrəf Heybətov miniatür və xalça, eləcə də saray divar rəsmlərinin estetikasının ecazkarlığına heyran kəsilməkdə idi. Başqa sözlə desək, Azərbaycan və onun mənəvi qaynaqları rəssamın tükənməyən ilham qaynağı idi.

Ötən yüzilliyin son qərinəsində onun yaradıcılığını Moskvada davam etdirməyə qərar verməsinin kökündə həm də milli dəyərlərimizi başqalarına tanıtmaq istəyi vardı, desək, yanılmarıq. Müstəqillik dövründə rəssamın Almaniyaya köçməsi də başladığı bədii-mənəvi təbliğat işini Avropada davam etdirməklə bağlı idi. Onun yaşadığı Koblens şəhərində “Bakı” mədəniyyət cəmiyyətini təsis etməsi isə görüləcək təbliğat işlərinin yerli qanunlara uyğunlaşdırılmasından qaynaqlanırdı. Ötən illərdə onun yaratdığı əsərlərlə Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə yaymaq yönündə gördüyü işlər də diqqətdən kənarda qalmadı. Əvvəlcə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” (1991), sonra isə “Azərbaycan Respublikasının Xalq rəssamı” (2018) fəxri adlarına layiq görülməsi də bunun təsdiqidir.

Rəssamın dəzgah və monumental rəngkarlığı, eləcə də qrafikanı əhatə edən əhatəli yaradıcılıq irsindən söz açmalı olsaq, onda öncə onun dəst-xəttindəki özünəməxsusluğu vurğulamalıyıq. Bu ifadə tərzinin estetikası Azərbaycan ünvanlı bədii-mənəvi dəyərlərdən şirələndiyindən onun zahiri tutumunda “bədii işarə” kimi qəbul olunan rəng şuxluğu, lakoniklik və şərtilikdə qədim miniatür üslubu ilə səsləşən ecazkarlığı birmənalı olan məqamlar kifayət qədərdir.

Əşrəf Heybətovun əsərlərində xalqımızın uzaq-yaxın keçmişinə obrazlı “bədii güzgü” tutulmuşdur. Müxtəlif mövzulu bu tablolarda qürurverici keçmişimizin bədii təqdimatı cəlbedici olduğu qədər də düşündürücü və tamaşaçı duyğularını pərvazlandırandır.

Doğrudan da, onun Dədə Qorqud öyüdlərinə, Babək, Koroğlu, Qaçaq Nəbi, Mübariz İbrahimov və Polad Həşimov igidliklərinə, sayagəlməz milli folklor nümunələrinə  gətirdiyi bədii əyanilikdə hər birimizi qürurlandıracaq mənəvi-ruhlandırıcı məqamlar çoxdur. Dədə Qorqud ünvanlı çoxsaylı əsərləri məşhur eposdan tanış olan maraqlı süjetlərin duyulası dərəcədə cəlbedici təqdimatı ilə göz oxşayır. Rəssam “Dədə Qorqudlu el şənliyi”, “Nəğməli xalq” və “Xalqımın gəncliyi” adlı çoxfiqurlu lövhələrində xalqı bir araya gətirməklə, cəmiyyətdə müxtəlif yer tutan adamların milli dəyərlər ətrafında birlik nümayiş etdirdiklərini sərgiləmişdir.

“Vətənimizin bir günü” və “Azərbaycanın keçmişinə baxış”, “Qədim şəhərin nəğməsi” və “Azərbaycan bu gün” lövhələri, ilk baxışda yuxarıda adlarını çəkdiyimiz tabloları xatırlatsa da, kompozisiya tutumuna görə əvvəlkilərdən fərqlənir. Ümumi ruhunda milli zənginliyimizin qabarıq təqdimatına üstünlük verilən bu əsərlərdə müxtəlif peşə adamlarının yurdumuzun müdafiəsində, onun torpaqlarının əkilib-becərilməsində, sənətkarlığın inkişafında fəal iştirak etdikləri və bütün bunların son nəticədə, ölkəmizin bənzərsizliyini şərtləndirdiyi vurğulanmışdır.

Nisbətən kiçik formatlı “Xanəndə qız”, “Bağban”, “Toy toğlusu”, “Bahar”, “Şahlıq quşu”, “Ağsaqqal” və “Müdrik qoca” əsərlərində insanın fərdi yaşantılarının ifadəsi timsalında xalqımızın özünəməxsus məişətinə yaddaqalan bədii şərh verilmişdir.

“Qaliblər” və “Sevinci yaşayanlar” tabloları isə bizi xəyalən Zəfər gününə qaytarır, xalqımızın əldə etdiyi böyük Qələbəyə əsgərlərin və valideynlərin şahidlik etdikləri anları xatırlamağa məcbur edir.

Əşrəf Heybətovun yaradıcılığı həm də yaşadığı məkana və onun hadisələrinə zamanında bədii münasibət göstərməsi ilə diqqət çəkir. Onun 20 Yanvar və Xocalı faciələrinə, Qarabağ döyüşlərinə, ABŞ-dakı 11 sentyabr hadisəsinə göstərdiyi yaradıcı əhatəli – monumental tutumlu münasibəti bunun əyani görüntüsü saymaq olar. Bədii həllinə görə həm də monumental panno xarakterli olan bu əsərlərin hər birində tamaşaçı yaşananlara gerçəkçi və düşündürücü bədii şərhlə qarşılaşır. Hazırda Azərbaycan İstiqlal Muzeyində nümayiş etdirilən “20 Yanvar – Bakı” lövhəsində bədii ekspressiya ilə ifadə olunmuş xalq kədəri həm də ittihamedici və düşündürücüdür. Bu mənada əsərin zamansızlığa qovuşduğunu söyləmək olar. Elə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun bu əsərlə bağlı söylədiyi xoş sözlərdə də müəllif tərəfindən xalqın iradəsinin və mübarizliyinin yüksək sənətkarlıqla ifadə olunması fikri əsas yer tutmuşdu.

Rəssamın 2001-ci ilin məlum terror aktı zamanı Nyu-Yorkdakı qoşa göydələnlərin dağılmasına etiraz olaraq yaratdığı “11 sentyabr” pannosu zamanında beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmuşdu. Nyu-York merinin müəllifə yazdığı təşəkkür məktubunda da azərbaycanlı sənətkarın Amerika xalqının kədərinə şərik olması yüksək dəyərləndirilmişdi.

Ötən əsrin səksəninci illərində Əşrəf Heybətovun monumental rəngkarlıq sahəsinə müraciətini ilk növbədə onun daşıdığı monumental duyumu əyaniləşdirmək istəyinin ifadəsi hesab etmək olar. Bu mənada onun Sumqayıtdakı Xovlu iplik fabrikində ərsəyə gətirdiyi “Ellər bayramı” (1982) adlı divar rəsminin (500x1000 sm) adını çəkmək istərdik. Yaradıcılığında bir qayda olaraq milli bədii ənənələrin müasir tutumda təfsirinə üstünlük verən müəllif bu əhatəli divar rəsmində də onlarla səsləşən koloriti tətbiq etməklə gözoxşayan səhnənin yaradılmasını şərtləndirmişdir.

Sonda deyək ki, bu günlər 70 illik yubileyini qeyd edən Əşrəf Heybətov yenə də emalatxanasında – molbertlə üz-üzədir. Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar Xalq rəssamını yeni-yeni maraqlı əsərlərin yaradılmasına həvəsləndirməkdədir. Odur ki, biz də onu təbrik etməklə, “Yaşa, yarat, sənətkar!” deyirik...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor

Redaksiyadan: Xalq rəssamı Əşrəf Heybətovu 18 fevralda tamam olan 70 yaşı münasibətilə “Mədəniyyət” qəzetinin kollektivi adından təbrik edir, möhkəm cansağlığı, yeni sənət uğurları arzulayırıq.