Ermənilər 28 ildən artıq işğal altında saxladıqları Şuşa şəhərindən apardıqları xalçaları fevralın 20-də İrəvanda “Arsax” xalçaları adı altında sərgiyə çıxaracaqlar.

İşğalçı qüvvələr bu xalçaları 2020-ci il noyabrın 1-də, yəni Qarabağın baş tacı olan qala-şəhərin müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilməsindən bir həftə öncə Şuşadan İrəvana aparıblar. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsünün bu barədə açıqlaması, əslində, Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda açılacaq sərginin illərlə davam etmiş işğal, oğurluq və talanın nəticəsi olduğunu təsdiqləyir.

Mədəniyyət Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Şuşa Xalça Muzeyindən çıxarılaraq İrəvanda “Arsax” adı altında təqdim olunacaq xalçalar Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir.

“Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməlləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci Maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür”, – deyə bəyanatda bildirilir.

Vurğulanır ki, xalça nadir sənət nümunəsi kimi həm də toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir: “Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Xalçaçılıq sənəti qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biridir. Təsadüfi deyil ki, 2010-cu ildə Azərbaycan xalçasının toxunması ənənəvi sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınmışdır. Bu ənənə xalqımızda o qədər dərin köklərə bağlanmışdır ki, Azərbaycanın hər bir bölgəsində geniş yayılmış və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda 8 əsas xalçaçılıq məktəbi fəaliyyət göstərmiş və hər biri öz naxış və boyaları ilə bir-birindən fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının da səbəbi odur ki, bu sənət Azərbaycan icmasından mənimsənilmişdir”.    

Bəyanatda həmçinin diqqətə çatdırılır ki, tarixən, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər: “XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır”.

Bəyanatda vurğulanır ki, Ermənistan hökumətinin himayəsi ilə nümayişkaranə şəkildə İrəvanda Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin keçirilməsi bu ölkənin tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq konvensiyalara hörmətsizliyinin bariz nümunəsidir və bu yanaşmaya UNESCO tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Mədəniyyət Nazirliyi  məsələ ilə əlaqədar UNESCO ilə lazımi hüquqi prosedurları həyata keçirəcək.